Almaniya iqtidarı Ukraynanın müdafiə potensialının gücləndirilməsinə 5 milyard avro ayırmaq qərarına gəlib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Bu paketin həcmi 5 milyard avro təşkil edir. Bununla Almaniya Ukraynaya fasiləsiz və etibarlı hərbi dəstəyini qətiyyətlə davam etdirir”, – mətbuat açıqlamasında vurğulanıb.
Xüsusilə vəsaitlər Ukraynada uzaqmənzilli silahların istehsalına yönəldiləcək. Qeyd olunub ki, ilk belə sistemlər bir neçə həftə ərzində yerləşdirilə bilər və onlar artıq Ukrayna arsenalının bir hissəsidir.
Həmçinin Kiyevə hava hücumundan müdafiə sistemləri, müxtəlif döyüş sursatları, yerüstü silah sistemləri, atıcı silahların tədarükü üçün maliyyə vəsaiti ayrılıb.
Eyni zamanda, Berlin Ukraynada Kiyevlə birgə təmir müəssisələrinin yaradılmasını, tibbi malların istehsalını, peyk kəşfiyyatını, hərbi rabitəni maliyyələşdirmək niyyətindədir.
Qeyd olunub ki, 5 milyard avro artıq Bundestaq tərəfindən xərclər üçün təsdiqlənmiş vəsaitlərdən daxil olacaq.