Ukrayna Almaniyanın Diehl Defence şirkəti ilə IRIS-T hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat istehsalını nəzərdə tutan və dəyəri 2,2 milyard avro olan müqavilə imzalayıb.
Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumatı Ukraynanın müdafiə naziri Rustem Umerov Facebook hesabında açıqlayıb.
Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi bəyan etmişdi ki, silah sistemləri “tezliklə Ukrayna silahlı qüvvələrinin sərəncamına veriləcək, onlardan birincisi bir neçə həftəyə yerləşdirilə bilər”. Almaniya, Almaniya Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, Ukraynada bu sistemlərin saxlanması və təmirini də maliyyələşdirəcək: “Bu məqsədlə hər iki ölkənin müdafiə müəssisələri müştərək müəssisənin yaradılması barədə razılığa gəliblər”.
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya tibb sahəsində də əlavə dəstək vəd edib. Almaniya Ukraynada istehsal olunan tibbi avadanlıqları maliyyələşdirəcək. Ukrayna Silahlı Qüvvələri üçün yuxarıda qeyd olunan dəstək xidmətlərinin ümumi həcmi təxminən 5 milyard avro təşkil edir.
Musavat.com