AZ

"Ukrayna və Almaniya: yeni silah ittifaqı və strateji tərəfdaşlıq" - "Deutsche Welle"

"Berlin Kiyevə 5 milyard avroluq hərbi yardım ayırır, uzaqmənzilli silahların birgə istehsalına start verilir, "Şimal Axını-2" layihəsinə isə qəti nöqtə qoyulur..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Almaniyada səfərdədir. Səfər çərçivəsində o, Almaniya kansleri Fridrix Mers ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "deutschewelle.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki,  Zelenski və Mers arasında bu il üçüncü dəfə baş tutan görüş Almaniyanın Avropa daxilində lider mövqeyini bərpa etmək səylərinin bir hissəsi olaraq qiymətləndirilir.
 
Ukrayna ilə Almaniya arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. 2025-ci ilin mayında Almaniya Kiyevə 5 milyard avro məbləğində hərbi yardım ayırmaq barədə razılıq verib. Bu maliyyə yardımı Ukrayna istehsalı olan uzunmənzilli silahların və digər döyüş vasitələrinin alınmasına yönəldiləcək. Müvafiq saziş Almaniya müdafiə naziri Boris Pistorius ilə ukraynalı həmkarı Rüstəm Ömərov arasında imzalanıb.
 
Əldə olunan vəsait artıq Bundestaq tərəfindən təsdiqlənmiş fondlardan ayrılacaq. Almaniya yalnız silah tədarükü ilə kifayətlənməyəcək, eyni zamanda Ukraynada silah istehsalına birbaşa sərmayələr yatıracaq, hərbi sistemlər üçün sursat göndərəcək və ölkə daxilində təmir, tibbi avadanlıq və peyk rabitə sistemləri kimi dəstəkləri də davam etdirəcək. Bu, Ukrayna ordusunun uzunmüddətli dayanıqlığını artırmaq məqsədi daşıyır.
 
Almaniya kansleri Fridrix Mers və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdə silah sənayesində birgə istehsal məsələsi xüsusi yer tutub. İki ölkə arasında uzaqmənzilli silahlar, xüsusilə dronlar və ballistik raketlərin birgə istehsalı üçün artıq ilkin sənədlər imzalanıb. Zelenskinin sözlərinə görə, bu, Ukrayna ordusunun hücum potensialını artırmaq və Rusiya hücumlarını mənasızlaşdırmaq üçün həyati əhəmiyyət daşıyır.
 
Zelenski əlavə edib ki, bu silahların istehsalında əsas məqsəd Ukrayna əsgərlərinin həyatını qorumaqdır. O, həmçinin Almaniyanın Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynanın müdafiəsinə yönəldilməsində yardım edə biləcəyini vurğulayıb. Prezident qeyd edib ki, yüzlərlə Ukrayna şirkəti artıq müdafiə qüvvələri üçün məhsullar istehsal edir və bu rəqəm artmaqda davam edir.
 
Energetika sahəsində də önəmli qərarlar qəbul edilib. Fridrix Mers "Şimal Axını-2" layihəsinin bir daha işə düşməyəcəyini bəyan edib. Onun sözlərinə görə, bu addım Moskvanın hərbi maşınının zəiflədilməsi və sülh danışıqları üçün şəraitin yaradılması məqsədi daşıyır. Almaniya və Ukrayna tərəfi eyni zamanda enerji, kənd təsərrüfatı, infrastruktur, maşınqayırma və digər sahələrdə uzunmüddətli iqtisadi əməkdaşlıq potensialını yüksək qiymətləndirir.
 
Görüşdə həmçinin vurğulanıb ki, Ukrayna müharibənin bitməsində maraqlıdır və dərhal atəşkəsə hazırdır. Bununla belə, Rusiya tərəfindən real diplomatik addımların atılmadığı və hücumların davam etdiyi şəraitdə, Ukrayna ordusunun effektiv müdafiəsi üçün silah tədarükünün məhdudiyyətsiz davamı vacibdir.
 
Zelenski və Mers arasında bu il üçüncü dəfə baş tutan görüş Almaniyanın Avropa daxilində lider mövqeyini bərpa etmək səylərinin bir hissəsi olaraq qiymətləndirilir. Mers Almaniya hökumətinin bütün nazirliklərinin Ukrayna ilə sıx əməkdaşlıq etdiyini bildirərək, iki ölkə arasında hökumətlərarası yeni məsləhətləşmələrin ilin sonuna qədər keçiriləcəyini açıqlayıb.
Seçilən
0
25
moderator.az

10Mənbələr