Hindistan və Pakistanın hərbi rəhbərləri danışıqlarda atəşkəs razılaşmasını müzakirə ediblər.
Xəbəri “News 18” telekanalı yayıb.
“Hindistan və Pakistanın hərbi komandirləri iki ölkə arasında atəşkəs razılaşması üçün danışıqlar aparırlar”, – deyə məlumatda bildirilir.
Hindistan mayın 6-da Pakistanın infrastrukturuna qarşı Sindoor əməliyyatına başlayıb. Yeni Dehli bu infrastrukturu “terrorçu” adlandırıb. Pakistanın müdafiə naziri Xoca Asif hücumlarda yalnız mülki şəxslərin hədəf alındığını bildirib. Bunun ardınca İslamabad cavab əməliyyatına başlayıb.
Qeyd edək ki, Pakistan mayın 10-na keçən gecə Hindistana qarşı Bunyan-um-Marsus (Güclü Divar) adlandırdığı hərbi əməliyyata başlayıb və bunun Yeni Dehlinin hücumlarına cavab olduğunu iddia edib. İslamabadın hədəfləri arasında Hindistanın Cammu və Kəşmir əyalətindəki hava bazaları və Pəncabdakı raket obyektləri də var. Bu, iki nüvə dövləti arasında onilliklərin ən pis gərginliyidir.
//Gülnarə Abasova, Editor.az