AZ

Belarusdan Zəngəzur dəhlizi MESAJI: “Azərbaycanı hər zaman dəstəkləyəcəyik” – ÖZƏL

“Bu həftə Belarus Respublikasının Baş naziri böyük nümayəndə heyəti ilə Bakıya səfər etdi. Səfərin əsas məqsədi isə Belarus və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirməkdir.”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Belarus parlamentinin Beynəlxalq məsələlər üzrə komissiyasının sədrinin müavini, Prezident Palatasının deputatı Oleq Qaydukeviç deyib.

Belarus Baş nazirinin cari həftədə Bakı səfərini və Azərbaycan-Belarus münasibətlərini şərh edən deputat, Belarus liderinin Bakı ilə münasibətlərə xüsusi önəm verdiyini bildirib:

“Bir millət vəkili kimi deyə bilərəm ki, bu günlərdə baş nazir parlamentdə hökumətin sosial-iqtisadi inkişaf proqramını təqdim etdi. Baş nazir sosial-iqtisadi proqramın təqdimatı zamanı Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin nə qədər əhəmiyyətli olmasından, nə qədər danışıqlar aparıldığından, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın necə gücləndiriləcəyindən danışıb.

Bizim ölkələrimizin liderləri, Azərbaycanın Prezidenti İlham Əliyev ilə Aleksandr Lukaşenko arasında çox uzunmüddətli münasibətlər və şəxsi dostluq mövcuddur. Bu dostluq ölkələr arasında yaxşı münasibətlərin açarıdır, belə şəxsi münasibətlər çox vacibdir”.
 

Oleq Qaydukeviç əlavə edib ki, Belarus Azərbaycanın təşəbbüslərini dəstəkləyir.


Xüsusən Cənubi Qafqazda yaranan yeni reallıqlar Minsk tərəfindən diqqətlə izlənilir. Cənub-Şimal, Şərq-Qərb nəqliyyat dəhlizinin əsaslarından olan Zəngəzur dəhlizi Belarusunda maraqlarına uyğundur:

“Ona görə də əminəm ki, Baş nazirin səfəri əlaqələrimizə daha da böyük təkan verəcək. Azərbaycanın təşəbbüslərinə gəlincə, Belarus hər zaman Azərbaycanın istənilən təşəbbüsünü diqqət və qayğı ilə qarşılayır. Biz hər zaman Azərbaycanın sülh naminə, iqtisadi əlaqələrin, logistika əlaqələrinin möhkəmlənməsi və digər səylərini dəstəkləyirik. Ona görə də burada tam qarşılıqlı anlaşma var.

Bizim ölkələrimiz arasında heç bir ziddiyyət yoxdur. Məncə heç vaxt olmayacaq. Bunun təminatı liderlərimizin dostluğudur. Ona görə də biz Azərbaycanın sülhə, inkişafa, əlaqələrin möhkəmləndirilməsinə, logistikaya yönəlmiş təşəbbüslərini həmişə dəstəkləyirik. Düşünürəm ki, həmişə belə olacaq və əlaqələrimiz bundan sonra da inkişaf edəcək”, - deyə Oleq Qaydukeviç əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr