AZ

Deputat: “Boşanmaların əsas səbəbi valideynlərin gənc ailəyə yersiz basqısıdır”

Ailə kiçik bir dövlətdir. Bu kiçik dövlətin dağılması son nəticədə cəmiyyətin məhvinə gətirib çıxarır. Ona görə də tarix boyu cəmiyyətimizdə boşanma ciddi qınaq obyekti olub.

Boşanan, ailəsinin qədrini bilməyənlərə fərqli münasibət göstərilib. Lakin son dövrdə vəziyyət 180 dərəcə dəyişib. Təəssüf ki, bu gün boşanma bir qurtuluş, nicat yolu kim təşviq edilir. Heç bir tərəf ailənin dağlmaması üçün səy göstərmir. Məhz bunun nəticəsidir ki, boşanmaların sayı ilbəil artır.

Nəzərə alaq ki, dünyada ailəyə çox böyük dəyər verən ölkələr var. Məsələn, Şri-Lanka dünyada boşanma nisbətinin ən aşağı olduğu ölkələrdən biridir.  Bu cəmiyyətdə evlilik yalnız sevgi deyil, həm də dini və mədəni öhdəlik kimi qəbul olunur.

Boşanma kənd yerlərində demək olar ki, tabu sayılır. İqtisadi asılılıq, xüsusilə qadınlar üçün ailəni tərk etməyi çətinləşdirir. Sosial qınaq qorxusu da münasibətlərin davam etməsində mühüm rol oynayır.

Bəs Azərbaycanda boşanmaların azalması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Ceyhun Məmmədov deyir ki, boşanmalar çox ciddi bir problemdir:

“Bir müddət əvvəl bu məsələni parlamentdə də qaldırmışdım. Bununla bağlı narahtlığımı ifadə etmişdim. Boşanmalar ciddi bir problem kimi qarşımızda dayanır. Biz problemin həlli üçün ciddi addımlar atmalıyıq. Boşanma faizi əvvəllər 30-40 faiz idisə, indi 50 faiz civarındadır. Rəqəmlərdəki dinamika göstərir ki, yaxın illərdə ailə quranların böyük əksəriyyəti daha sonra boşanacaq. Ona görə də bu məsələnin həlli üçün kompleks işlər görülməlidir.

İlk növbədə, gənclər arasında marifləndirmə işi aparılmalıdır. Uzunömürlü ailələrin yaşam tərzi, sağlam ailə institutu təbliğ edilməlidir. Gənclər ailəyə dəyər verməli, məsuliyyətlərini dərk etməli, uşaqların gələcəyi üçün narahat olmalıdırlar. Bir sözlə, gənc ailənin təməlinin möhkəm və uzunömürlü olması üçün bütün imkanlar səfərbər edilməlidir”.

Müsahibimiz hesab edir ki, boşanmaların səbəbləri ciddi şəkildə araşdırılmalıdır:
 

“Bildiyimiz səbəblərdən biri valideynlərin yeni ailəyə yersiz basqılarıdır. İlk növbədə bu basqı aradan qaldırılmalıdır. Daha sonra bəzi valideynlər qızları özlərinə əlavə yük bilməməlidirlər. Çünki erkən evliliyin bir səbəbi də budur. Bəzi adamlar yanlış olaraq düşünür ki, qızı daha erkən ərə vermək yaxşıdır. Düşünürəm ki, ani evlilik qərarlarından gəncləri çəkindirmək lazımdır. Gənclərə bir-birlərini tanımaq üçün zaman tanınmalıdır, şərait yaradılmalıdır.


Ən əsası ictimai qınağı gücləndirməliyik. Bir zamanlar boşanmaya cəmiyyətimizdə fərqli yanaşılırdı, ictimai qınaqdan hər kəs çəkinirdi. Lakin indi ictimai qınaq yox səviyyəsindədir. Müvafiq qurumlar da yeni addımlar atmalı, ailə institutunun sağlamlaşdırılması üçün zəruri tədbirlər görməlidirlər”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr