“Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri strateji əhəmiyyət daşıyan bir hadisədir. Bu səfər Vyetnam ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoyur”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında vyetnamlı ictimai xadim, analitik Lily Bui deyib.
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakı səfərini, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edən analitik, səfərin iki ölkə üçün əhəmiyyətli nəticələr doğuracağını bildirib:
“Vyetnam ilə Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirirəm. Bu, Vyetnamın müstəqillik uğrunda apardığı mübarizə və ölkənin inkişaf dövründə Azərbaycan xalqının dəyərli dəstəyi ilə qurulmuş ənənəvi bir münasibətdir. Bu gün qloballaşma və yaşıl iqtisadiyyat, rəqəmsal iqtisadiyyat – davamlı inkişaf kontekstində iki ölkənin əməkdaşlığını daha da dərinləşdirmək üçün böyük potensial mövcuddur”.
Xanım Bui bildirib ki, xüsusilə iqtisadi sahədə əməkdaşlığı gücləndirmək üçün bəzi strateji istiqamətlərə diqqət yetirmək vacibdir:
“Vyetnam kənd təsərrüfatı, istehlak malları, dərman preparatları, rəqəmsal texnologiyalar və yüksək keyfiyyətli işçi qüvvəsinin ixracı sahəsində potensiala malikdir. Azərbaycan isə enerji, logistika və Qafqaz bölgəsindəki geostrateji mövqeyi ilə seçilir. İkitərəfli investisiya əlaqələrini gücləndirmək üçün ticarət yarmarkaları, biznes forumları və investisiya əlaqələndirmə kanalları yaradılmalıdır”.
Analitik hesab edir ki, iki ölkənin imzaladağı sənədlər bir çox istiqamətlərdə münasibətlərin inkişafına təkan verəcək.
“Təhsil – təlim və innovasiya sahəsində, konkret bildirsək, bərpa olunan enerji, biotexnologiya və elektron ticarət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq edə bilər. Bu da gələcək iqtisadi əməkdaşlıq üçün möhkəm təməl yaradacaq.
Biznes üçün əlverişli hüquqi və maliyyə mexanizmlərinin yaradılması, ikitərəfli ticarət sazişlərinin imzalanması, çevik gömrük prosedurlarının tətbiqi və kiçik və orta müəssisələrə dəstək verilməsi iki ölkə rəhbərləri arasında əldə olunmuş razılaşmaların reallaşması üçün mühüm təkan olacaq. İnanıram ki, iki ölkənin liderlərinin uzaqgörənliyi və biznes cəmiyyəti, alimlər və xalqların səyləri ilə Vyetnam – Azərbaycan münasibətləri yeni bir dövrə qədəm qoyacaq”, - deyə L.Bui əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta