EN

PKK ləğv edildi

PKK terror təşkilatı ləğv edilib.

Sitat.info xəbər verir ki, bu barədə təşkilata yaxınlığı ilə tanınan “Rudaw” telekanalı məlumat verib.

Mayın 5-7-də keçirilən qurultayda özünü buraxma qərarı verən PKK bu qərarı yazılı bəyanatla ictimaiyyətə açıqlayıb. Qərar PKK-nın çətir təşkilatı KCK-nın qurultayında verilib.

“Qurultayda PKK-nın təşkilati strukturunun ləğvi, silahlı mübarizənin dayandırılması və bununla da PKK adlı təşkilatın fəaliyyətinə son qoyulması qərara alınıb”, - bəyanatda deyilir.

Bəyatanda “PKK-nın tarixi missiyası”nın başa çatdığı vurğulanır.

Xatırladaq ki, KCK, tam adı “Kürdüstan İcmaları Birliyi” olan qurum Öcalanın nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan çətir təşkilatıdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya) kimi terror təşkilatları daxildir. KCK-nin mərkəzi İraqın şimalında (Qəndil dağı) yerləşir.

PKK terror teşkilatı (“Kürdüstan Fəhlə Partiyası”) 1978-ci ildə Abdullah Öcalan tərəfindən Türkiyədə yaradılıb. Təşkilat uzun illərdir Türkiyənin cənub-şərqində “kürd muxtariyyəti”, daha sonra “müstəqillik” məqsədilə silahlı mübarizə aparırdı.

PKK bir çox terror aktlarına və silahlı hücumlara görə məsuliyyət daşıyır. Bu səbəbdən təşkilat Türkiyə, ABŞ, Avropa İttifaqı və NATO tərəfindən terror təşkilatı kimi tanınır.

Təşkilatın fəaliyyəti təkcə Türkiyə ilə məhdudlaşmır, İraqın şimalında, Suriya və regionun digər ölkələrində də silahlı qruplar və bazalar formalaşdırmışdı.

Chosen
0
50
sitat.info

10Sources