Sədrəddin Soltan: "Düşunmək olar ki, PKK-nın əvəzinə yaradılacaq təşkilat Türkiyənin konfederasiyaya çevrilməsi istiqamətində mubarizə aparsın"
Mayın 5-7-də PKK terror qruplaşması 12-ci toplantısında özünü buraxdığını elan edib. Onun yaydığı açıqlamada səbəb olaraq "PKK-nın tarixi missiyasını bitirməsi" göstərilib. Bildirilib ki, PKK adı altında bütün fəaliyyət başa çatıb.
2025-ci il fevralın 27-də həbsdə olan PKK başçısı Abdullah Öcalan tərəfdarlarını türk dövlətinə qarşı silahlı mübarizəni dayandırmağa, silahları təhvil verməyə çağırdı. Bundan sonra Türkiyə ilə münaqişədə atəşkəs elan olundu, gələcək strategiyanın müzakirəsi başlandı.
PKK rəsmən buraxıldı, bəs bundan sonra nə olacaq?
Baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, PKK istifadə müddəti başa çatan qruplaşma idi: "Regionda baş verən hadisələr fonunda onun varlığı "patronlarının" və özünün əleyhinə işləyirdi. Xüsusən, Qəzza, Livan və Suriyadakı hadisələr PKK-ya silahlı mübarizdən əl çəkməkdən başqa yol qoymadı.
PKK keçmiş sovetlər dönəmində Moskva tərəfindən Türkiyəyə qarşı yaradılmış bir sol təşkilat idi. Sovetlər 34 ildir yoxdur. Onun törəməsindən istifadəyə cəhdlər isə uğursuzluqla nəticələndi.
Ankara onların oyunlarını poza bildi. Türkiyə terrora və onu dəstəkləyənlərə qarşı davamlı mübarizə aparan demokratik, sülhsevər dövlət olduğunu bir daha nümayiş etdirdi.
Artıq PKK öz-özünə məhvə gedən bir qurumdur, onun bundan sonrakı fəaliyyəti zamanla sönməyə məhkumdur. Amma bu, zaman ala bilərdi və bu zaman ərzində həm Türkiyə, həm də PKK yetkililərı nələrisə itirə bilərdilər. İndiki razılaşma sadəcə qeyd etdiyimiz zaman ərzində tərəflər itkilərini önlədi.
Qruplaşmanın bəyanatında deyilir ki, PKK-nın mübarizəsi xalqımıza qarşı yönəlmiş inkar və məhvetmə siyasətini dağıtdı, kürd məsələsini demokratik siyasət vasitəsilə həll edilə biləcəyi nöqtəyə gətirdi, beləliklə öz tarixi missiyasını yerinə yetirdi.
Qruplaşmanın uğrunda mübarizə apardığını elan etdiyi etnik qrup (kürdlər) Türkiyədə heç vaxt inkar edilməyib. Bu, məhv edilərək arxivə göndərilməkdə olan PKK-nın özünə haqq qazandırmaq cəhdidir. Onlar Türkiyəyə, onun təhlükəsizliyinə təhdid mənbəyi rolunda olub.
PKK-nın yarandığı dövrə nəzərə salınsa, mənzərə aydın olar.
PKK silahı yerə qoyduğunu bəyan edib. Bildiriblər ki, Suriyada öz varlıqlarını qorumaq üçün bu yola əl atıblar, bundan sonra Suriya dövlətinin güclənməsinə xidmət edəcəklər.
Belə ehtimal etmək olar ki, gələcəkdə Suriyanın yeni konstitusiyasının qəbulu zamanı sənədə kürdlərin də hüquqlarının müdafiəsini özündə ehtiva edən maddələr əlavə ediləcək. Əgər belə bir addım atılmazsa, Suriyada dəyişikliklər baş verə bilər. Türkiyədə də PKK-çıların silahı yerə qoyması mümkündür. Çünki onların dəstəkçi və havadarları Türkiyəyə qarşı mübarizədə çox zəif görünürlər.
Fikrimcə, PKK və onu müdafiə edib ərsəyə çatdıranlar Türkiyəyə qarşı taktikanı dəyişirlər. Məsələn, PKK-nı dəstəkləyib parlamentə düşən partiyalar bir qayda olaraq bağlanır, sonra onun üzvləri yeni partiya yaradırdılar. Hesab edirəm ki, PKK da oxşar formaya keçə bilər. Yəni PKK mahiyətini və hədəfini deyil, cilidini dəyişə bilər.
Düşunmək olar ki, PKK-nın əvəzinə yaradılacaq təşkilat Türkiyənin konfederasiyaya çevrilməsi istiqamətində mübarizə aparacaq. Bu zaman onlar tam muxtariyət əldə edə bilməsələr də, müəyyən hüquqlar qazana bilərlər.
Qeyd edək ki, Türkiyədə də yeni konstitusiya hazırlanır. Ola bilər ki, yeni konstitusiyada Türkiyədə yaşayan müxtəlif etnik qrupların, o cümlədən də kürd siyasilərinin də oxşar maraqları nəzərə alınsın.
Kürdlərin xəmiri Türkiyəyə qarşı düşmənçiliklə yoğrulub, ona görə də kürdlərin belə tezliklə dəyişməsi mümkün deyil.
Maraqlıdır, Türkiyə hökuməti onlara gələcəkdə aministiya verəcəkmi? Bu, Türkiyə dövlətinin səlahiyyətlərinə aiddir. Amma hesab edirəm ki, aministiyanın verilməsi vacib şərtdir".
Akif NƏSİRLİ