Türkiyədə başlayan barışıq prosesinin Yaxın Şərqə mümkün təsirləri – İraq və Suriyada türkmənlər üçün yeni səhifə açılır
Mərhələ xarakterli bir proses baş verir. PKK terror təşkilatının özünü buraxdığını və silahlarını təhvil verəcəyini açıqlaması son 50 ilə yekun vurmaq deməkdir.
PKK lideri, İmralı ada həbsxanasında saxlanılan Abdullah Öcalan tərəfindən idarə olunan proses PKK-nın təşkilati strukturunun ləğv edilməsi, silahlı mübarizə və ümumilikdə PKK adı ilə aparılan fəaliyyətlərə son qoyulmasını nəzərdə tutur.
Musavat.com xatırladır ki, PKK ilə barışıq prosesi 2024-cü ilin 22 oktyabrında MHP sədri Devlet Bahçelinin Öcalana müraciət edərək PKK-nı buraxması və bunun qarşılığında parlamentdə çıxış etmək və “ümid haqqı” deyilən ömürlük məhkumlara verilən əfv hüququndan istifadə imkanı yaratmaq sözü verməsi ilə başladı. Bunun ardınca DEM Partiyasından (keçmiş HDP) bir qrup İmralı adasına gedərək Öcalanla görüşdü və fevralın 27-də Öcalanın barışıq çağırışı yayımlandı.
Qeyd edək ki, hökumətə yaxın mənbələr Öcalanın nəzarəti altında olacaq PKK-nın ləğv prosesinin aşağıdakı mərhələləri əhatə edəcəyini bildirir:
1. PKK üzvləri İraqın Süleymaniyə və Ərbil şəhərləri də daxil olmaqla 3 məntəqədə BMT-nin müşahidəsi altında silahlarını təhvil verəcək.
2. PKK-da yüksək vəzifə tutan 300-dək rəhbər şəxs Cənubi Afrika və Norveç kimi uzaq ölkələrə gedəcək, onların xüsusən də İran, İraq və Suriya kimi yaxın qonşu və kürd mövzusunda həssas olan ölkələrə keçidi qadağandır.
3. Həmçinin ağır cinayətdə ittiham olunmayan əcnəbi PKK üzvləri vətəndaşı olduqları ölkəyə qayıtmaq haqqı əldə edəcək.
4. Türkiyə Cümhuriyyəti vətəndaşı olan 4 min PKK üzvü isə sərhəddə mərhələli şəkildə hökumət qurumlarına təslim olacaq.
5. Abdullah Öcalan isə İmralı adasında həbsxanada qalacaq.
6. Qanunvericiliyin imkanları daxilində yaşlı və xəstə PKK üzvləri azadlığa buraxılacaq, həmçinin sonrakı mərhələdə parlamentdə amnistiya qanunu gündəmə gələcək.
7. DEM Partiyası yenidən qurulacaq, ancaq bu dəfə heç bir sənəddə PKK adı keçməyəcək.
8. Həmçinin PKK ittihamı ilə qəyyum təyin olunmuş bələdiyyə sədrlərinin yenidən vəzifələrinə geri dönməsi məsələsi müzakirəyə çıxarılacaq.
9. PKK-nın başqa ad altında yenidən təşkilatlanması riskini nəzərə alaraq, Türkiyə bölgədə hərbi gücünü uzun müddət saxlayacaq.
10. Suriyada isə YPG-nin taleyi Dəməşq hökuməti ilə birlikdə planlanacaq, suriyalı olmayan YPG üzvləri ölkədən çıxarılacaq, qalanları isə Suriya ordusuna daxil ediləcək.
Ən əsası, bu prosesdə hər hansı xarici dövlət, o cümlədən ABŞ, Fransa kimi təminatçı dövlətlər olmayacaq. Proses tamamilə Türkiyə dövlətinin nəzarətində həyata keçiriləcək. Əlbəttə, PKK-nın ləğvi tez və asan baş verməyəcək, proses uzun zaman ala bilər. Çünki söhbət 40 ildən artıq davam edən, regionun 4 ölkəsində silahlı və siyasi qanadları, müxtəlif aşkar və gizli yan quruluşları olan bir strukturdan gedir. Bu strukturun tez bir zamanda və tam tərkibdə silahı yerə qoyması və təslim olmasını gözləmək sadəlövhlük olardı. Lakin bu prosesdə əsas olan birincisi, ali səviyyədə, yəni liderlər səviyyəsində verilən qərarlardır, ikincisi isə yaranmış hərbi-siyasi şəraitdir.
Ötən müddətdə Türkiyədə başlayan barışıq prosesinə və dünən qəbul olunan qərara reaksiya onu göstərir ki, hər kəs, bütün etnik və siyasi qruplar bu mövzuda, yəni PKK-nın silahı yerə qoyması məsələsində həmrəydir.
Qərara tabe olmayan və ya təslim olmaqdan imtina edənlər marginallaşacaq və təkcə Türkiyədə deyil, bütünlükdə region ölkələrində təqib ediləcəklər. PKK çətiri altında fəaliyyət göstərən silahlı qruplar, bilindiyi kimi, yalnız Türkiyədə deyil, Yaxın Şərqin kürdlərin kompakt yaşadığı digər 3 ölkəsində – Suriya, İraq və İranda – fəaliyyət göstərib. PKK-nın Türkiyədə başlayan ləğv prosesi heç şübhəsiz ki, digər adı çəkilən ölkələr üçün də fürsət yaradır. Söhbət hansı fürsətlərdən gedir?
İlk olaraq İraqdan başlayaq. Bilindiyi kimi, uzun illər və bu gün də PKK-nın (YPG/PYD deyil – K.R.) əsas düşərgəsi İraq ərazisində, konkret olaraq Sincar rayonu və Kandil dağlarında yerləşir. Terror təşkilatının təlim düşərgəsi (Mahsun Korkmaz Akademiyası – K.R.) İraqdadır. Kandil dağları təkcə Türkiyə PKK terrorçularının sıöınacağı deyil: həmçinin İranda fəaliyyət göstərən İran Kürdüstan Demokrat Partiyası (DPK-I), Kürdüstan Azad Həyat Partiyası (PJAK) və İran Kürdüstanı Komala Partiyası (Komala) kimi silahlı terror təşkilatlarının, habelə Suriyada fəaliyyət göstərən PYD/YPG-nin də uzun müddət – 2004–2011-ci illər arasında – İraqda fəaliyyət göstərdiyi məlumdur.
İraq hakimiyyəti bir sıra səbəblərə görə bu qruplara maneə ola bilmirdi. Lakin son illərdə situasiya dəyişib. 2017-ci ildə Bərzaninin müstəqil Kürdüstan dövləti yaratmaq cəhdi Bağdadla kürdlər arasında münasibətləri soyuqlaşdırdı. İndi isə daha ciddi bir məsələ ortaya çıxıb. İraqın Bəsrə şəhərində Fav limanı ilə Türkiyənin Aralıq dənizi və Qara dəniz sahillərini birləşdirəcək yeni “İnkişaf Yolu” nəqliyyat dəhlizi məhz İraqın şimalında PKK-nın fəal olduğu bölgədən keçir. Bu səbəbdən də indi Bağdad da ən azı Türkiyə qədər PKK və digər terror qruplarının o bölgədən çıxarılmasında maraqlıdır. Çünki nəqliyyat qovşaqları üçün ən böyük risk silahlı terror qruplarıdır. Məhz bu səbəbdən də ötən il ilk dəfə olaraq İraq hökuməti PKK-nı terror təşkilatı siyahısına daxil etdi.
Suriyada yeni hakimiyyət zəifdir. Mart ayında ABŞ-ın diktəsi ilə SDQ (kürdlər) və Dəməşq arasında barışıq sazişi imzalandı. Lakin aprelin 26-da “Rojava”da (Suriyanın kürd nəzarətində olan hissəsinə kürdlər belə deyir – K.R.) konqres keçirən kürdlər Dəməşqdən bir sıra tələblər, o cümlədən kürd dilinə ikinci rəsmi dil statusu və muxtariyyət tələb etdilər. Əlbəttə, Dəməşqin indi kürdlərlə qarşıdurmaya getməyə imkanları yoxdur. Lakin aydın məsələdir ki, kürd “fəallığından” narahatdır. Yaxın gələcəkdə Suriyada yeni bir kürd–ərəb qarşıdurması qaçılmaz ola bilər.
İranla məsələ daha açıqdır. Tehran üçün kürd separatizmi hər zaman təhlükə hesab olunur. Keçən ay İranın təzyiqi ilə İraqın Milli Təhlükəsizlik Şurası anti-İran qüvvələrin ölkə ərazisində istənilən fəaliyyətinin qadağan olunmasına dair qərar qəbul edib.
Başqa sözlə, Türkiyədə başlayan proses ümumilikdə regionda kürd məsələsi ilə bağlı yeni bir üfüq açır və uzun illərdir dağlarda silahlı terror fəaliyyətlərinə son qoyulması üçün təcrübə və imkanlar ortaya qoyur.
Bu məsələdə təbii ki, hər şey Türkiyədə başlayan prosesin gedişatı və nəticəsindən asılı olacaq. Türkiyə təcrübəsi uğurlu olarsa, bu, ümumilikdə region üçün yeni bir mərhələyə çevriləcək.
Bu proses Yaxın Şərq regionunda, xüsusən də “kürd məsələsinin” mövcud olduğu İraq və Suriyada kürdlərlə yanaşı yaşayan türkmən icması üçün də yeni bir fürsət yaradır. Son illərdə həm İraq, həm də Suriyada baş verənlər türkmən icmasının fəallaşdığını göstərir. 2023-cü ildə İraq hökumətinin Kərkük vilayətində türkmən (türk) dilinə rəsmi status verməsi Bağdadın kürd faktoru qarşısında türkmən reallığını qəbul etdiyinin göstəricisi idi. Bunun daha bir bariz nümunəsi isə ötən həftə Ankaraya rəsmi səfərə gələn İraq baş naziri Məhəmməd Şia əs-Sudani özü ilə birlikdə heyətdə İraq Türkmən Cəbhəsinin sədrini də gətirməsi türkmən siyasəti baxımından ciddi bir yenilik sayıla bilər.
Suriyada da son aylarda türkmən kimliyi mövzusunda ciddi bir irəliləyişin olduğunu qeyd etmək lazımdır. Mart ayında türkmən əsilli general Fəhim İsanın Suriya müdafiə nazirinin müavini və şimal bölgəsi ordu komandanı təyin olunması, həmçinin general Seyfəddin Poladın 76-cı diviziyaya komandir təyin olunması, Hüseyn İsanın Hələb Ticarət Palatasının sədr müavini, Mustafa Culha adlı şəxsin isə Lazqiyyə vilayətinin şimal rayonunun valisi təyin olunması türkmənlərin Suriya siyasətində, xüsusən də türkmənlərin (həm də kürdlərin) kompakt yaşadığı şimal rayonlarında ordu və dövlət idarəsində etimad göstərildiyini sübut edir. Həm İraqda, həm də Suriyada yeni dövrdə türkmənlərin daha çox irəli çəkilib etimad qazanacağı ehtimalı yüksəkdir.
Nəticə etibarilə regionda baş verənlər böyük bir yenilənmə prosesidir və burada ənənəvi oyun qaydalarının və oyunçuların yerinin dəyişməsi qaçılmazdır.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün