Aprelin 28-də Azərbaycan Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, “Bakı Kristal Zal”ın Sərgi Mərkəzində keçirilən mərasimdə iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəliblər.
Yarışın açılış mərasimində çıxış edən yerli şahmat federasiyasının prezidenti Mahir Məmmədov Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını, şahmatçılarımızın bütün yaş kateqoriyalarında uğurlar əldə etdiyini deyib.
Azərbaycanda şahmatın dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını deyən M.Məmmədov bildirib: "Biz Azərbaycanda davamlı olaraq open turnirlər silsiləsini elan etmişik. Həmin silsilənin adı "Chess Tour Azerbaijan"dır. "Baku Open" hər il keçiriləcək "Chess Tour Azerbaijan"ın ilk yarışı olacaq”.
Bu il ərzində şahmat üzrə 7 beynəlxalq yarışın keçiriləcəyini diqqətə çatdıran gənclər və idman naziri Fərid Qayıbov fikirlərinə belə davam edib: "Bu da bizi sevindirir, çünki şahmat idman növündə çox aktiv fəaliyyət izləyirik. İldən-ilə şahmatçıların uğurlu nəticələrinə şahid oluruq, həmçinin ustaların sayı getdikcə artır".
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç beynəlxalq festivalın keçirilməsinin Azərbaycanda şahmatın inkişaf səviyyəsinin göstəricisi olduğunu vurğulayıb.
"Tədbirdə Türkiyə Şahmat Federasiyasının nümayəndəsi də iştirak edir. Azərbaycan və Türkiyə arasında qardaş münasibəti olduğu üçün onlar bir-birilərinə şahmatın inkişafında da dəstək göstərirlər. Bu, həm onların ölkələrində, həm də beynəlxalq müstəvidə şahmatın inkişafına töhfə verəcək", - deyə A.Dvorkoviç bildirib.
Sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov yarışın əsasnaməsi və qaydaları haqqında məlumat verib.
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir. Aprelin 27-də start götürən festival mayın 7-dək davam edəcək.