Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsindən sonra turnirin tanıtım videoçarxı təqdim edilib.
Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Bütün yaş kateqoriyalarında olan təmsilçilərimizin uğurları ilə fəxr edirik. Şahmat dövlətin qayğısı altındadır. Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm"
Federasiya rəhbəri bölgələrdən olan şahmatçıların da beynəlxalq turnirlərə qatıldığını söyləyib: "Hamıya ədalətli oyun, maraqlı partiyalar arzulayıram. Güclü qalib gəlsin".
Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.
Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə də daxildir.