Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev İstanbulda keçirilən “COP29 və COP30-un əlaqələndirilməsi: Diplomatiya, fəaliyyət və irəliyə gedən iqlim yolu” mövzusunda keçirilən konfransda ötən ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları barədə danışıb.
“Report” xəbər verir ki, bu barədə COP29 prezidentliyinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Yalçın Rəfiyev Bakı konfransının tarixi nəticələrinin qlobal iqlim fəaliyyətinə necə təkan verəcəyi ilə bağlı fikirlərini bölüşüb.
O, həmçinin COP31-ə ev sahibliyi etmək üçün Türkiyəyə uğurlar arzulayıb.
Y.Rəfiyev İstanbula səfəri çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsaaka Abdulqadir İmam, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) rəhbəri Lazar Komanesku ilə də görüşüb.
Görüşlər zamanı ikitərəfli gündəliyin əsas məsələləri, o cümlədən iqlimlə bağlı fəaliyyət sahəsində əməkdaşlığın potensial sahələri müzakirə olunub.