AZ

Yaxın Şərqdə gərginlik PİK HƏDDƏ – İsrail İranın nüvə obyektlərini vurmağa HAZIRLAŞIR

ABŞ-la İran arasında aprelin 12-dən bəri davam edən 5 raundlu danışıqlar hələlik heç bir real nəticə verməyib. Danışıqların növbəti raundunun tarixi və yeri barədə də hələlik razılığa gəlməyiblər. İran XİN-in yaydığı məlumata görə, danışıqların növbəti raundu ilə bağlı hələlik heç bir əminlik yoxdur". Görünən odur ki, Tehran özünün uranın zənginləşdirilməsi planından əl çəkmək niyyətindən uzaqdır.

İsrail hücum hazırlığında

Sözügedən danışıqların heç bir nəticə qazanmaması fonunda isə İsrailin İrana zərbə endirməyə hazırlaşdığı üzə çıxıb. Bu barədə ABŞ-ın hakim dairələrindəki mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

"İsrailin İranın nüvə obyektlərinə zərbə endirmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb və Tehranın bütün uranından imtina etməyəcəyi ABŞ-İran razılaşması perspektivi belə bir zərbənin endirilməsi ehtimalını artırır", - məlumatda buldirilib.

Mənbələr İsrail hakimiyyətinin hücumla bağlı yekun qərarını verib-vermədiyini bilmir və Amerika kəşfiyyatı yəhudi dövlətinin niyyətlərini açıq şəkildə təsdiq etmir. Zərbə hazırlığının müşahidə olunan əlamətlərinə İsrail Hərbi Hava Qüvvələrinin texnika və silahlarının hərəkəti və onların manevrləri daxildir. Eyni zamanda, İranı nüvə proqramı ilə bağlı məsələlərdə ciddi güzəştlərə getməyə məcbur etmək üçün İsrailin güc nümayişinə əl atacağını da istisna etmək olmaz.

İran ətrafında gərginlik yenidən alovlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, İsrailin İrana zərbələr endirməsi yalnız ABŞ-ın ona yaşıl işıq yandırması fonunda mümkün olacaq ki, bu da çox yaxın zamanda baş verməyəcək:

“İsrailin İranın nüvə obyektlərinə zərbə endirməyə hazırlaşması ilə bağlı məlumatlar sızmaqdadır. Bu ehtimal kifayət qədər yüksəkdir. İran ABŞ danışıqları faktiki olaraq nəticəsiz yekunlaşıb. İran rəsmiləri uranın zənginləşdirilməsi prosesindən geri çəkilməyəcəklərini və onun da dinc məqsəd üçün nəzərdə tutulduğunu bəyan edib”.

Deputat qeyd edir ki, danışıqların beləcə nəticəsiz başa çatması İsrailin hərəkətə keçəcəyi ehtimalını kifayət qədər artırır:

“Amma İsrailin İranın nüvə obyektlərinə dərhal zərbələr endirməsi əslində real görünmür. Çünki bölgədə Azərbaycan və Türkiyə maraqları da var. Bakı ilə Təl-Əviv arasındakı yaxınlıq regionda ciddi eskalasiyanın baş verməsində İsrailin maraqlı olmayacağını proqnozlaşdırmağa imkan verir. Ona görə ki, məsələdə müəyyən qədər Azərbaycan tərəfinin də razılığı ola bilər. İranın nüvə obyektlərinin vurulması heç bir halda Azərbaycandan təsirsiz keçməyə bilər deyə məsələdə İsrail bir qədər tərəddüd edə bilər”.

Həmsöhbətimiz bildirir ki, İrana zərbə yalnız ABŞ-ın Tehranla danışıqlarla bağlı son qənaətindən sonra endirilə bilər:

“Yəni yalnız Vaşinqton Təl-Əvivə “yaşıl işıq” yandırandan sonra İsrail buna gedəcək. O da çox yaxın dövrdə olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
0
28
bizim.media

10Mənbələr