"İsrailin kiçik coğrafiyası onu həddən artıq həssas edir və istənilən hücum halında İran "sionist rejimi" tamamilə məhv etməyə hazırdır..."
İran və ABŞ arasında Romada keçirilən beşinci nüvə danışıqları turu yenə də nəticəsiz başa çatıb. Əsas problem İranın uranı zənginləşdirməyə davam etmək istəməsi, ABŞ-ın isə bunu tamamilə dayandırmaq tələbi olub.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşrində dərc ediləm müəllif məqaləsində deyilir.
Müəllif yazır: "Hər iki tərəf mövqeyində qalmaqda davam edir və danışıqların irəliləmədiyi açıq şəkildə görünür. Eyni zamanda, ABŞ mediası məlumat verir ki, əldə edilən yeni kəşfiyyat məlumatları İsrailin danışıqlar uğursuz olacağı təqdirdə İrana qarşı "ani və sürətli" bir hərbi zərbə hazırladığını göstərir.
Baş nazir Binyamin Netanyahu da mətbuat konfransında bildirib ki, əgər İranın zənginləşdirmə imkanlarını tam aradan qaldıracaq bir razılaşma əldə olunarsa, onu dəstəkləyəcək. Ancaq o, əlavə edib ki, İsrail özünü məhv etməklə hədələyən rejimə qarşı öz müdafiəsini təmin etmək haqqını da özündə saxlayır.
Bununla belə, ABŞ prezidenti Donald Tramp yeni müharibələrə başlamaq niyyətində olmadığını dəfələrlə bəyan edib və "New York Times"a görə, o, artıq İsrailin planlaşdırdığı bir hücumu da dayandırıb. ABŞ-ın regiondakı hərbi gücünü azaltması da bu xəttə uyğundur: B-2 bombardmançıları Hind okeanından çıxarılıb, "USS Harry S. Truman" aviadaşıyıcısı da bölgəni tərk edib.
İsrail isə son on ildə İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşır. 2021-ci ildə baş nazir Bennett dövründə hazırlıqlar daha da sürətləndirilib və ABŞ-ın iştirakı olmadan təkbaşına hücum seçimi gündəmə gətirilib.
"Al-Monitor"-a danışan İsrail Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Qadi Ayzenkot bildirib ki, İsrail İranın nüvə proqramına ciddi zərbə vura bilər, lakin bunu ABŞ-sız etmək çox təhlükəlidir. Digər sabiq hərbi lider Beni Qants isə daha sərt mövqe sərgiləyərək, əgər ABŞ və İran arasında əldə olunacaq saziş İsrail üçün mənfi nəticələr verərsə, hücumun ABŞ dəstəyi olmadan da mümkün ola biləcəyini deyib. Sabiq müdafiə naziri Aviqdor Liberman isə İsrailin hücum üçün bir neçə əlverişli fürsəti əldən verdiyini bildirib.
Hazırkı vəziyyətdə Netanyahu üçün əsas məsələ ölkə daxilində siyasi mövqeyini qorumaqdır. Vaşinqtonla münasibətlərdəki gərginlik fonunda o, İrana qarşı hücum məsələsində ehtiyatlı davranmağa məcbur ola bilər. İsrailli yüksək vəzifəli bir diplomat bildirib ki, belə bir hücumu ABŞ-sız həyata keçirmək "intihar" olardı, çünki bu miqyasda əməliyyat ciddi logistik və hərbi dəstək tələb edir.
Digər tərəfdən, İran tərəfi də öz ritorikasını sərtləşdirib. İran İnqilabı Keşikçiləri Korpusu və digər yüksək rütbəli hərbi rəsmilər açıq şəkildə İsrailə sərt cavab veriləcəyini bəyan edib. Onların sözlərinə görə, İsrailin kiçik coğrafiyası onu həddən artıq həssas edir və istənilən hücum halında İran "sionist rejimi" tamamilə məhv etməyə hazırdır.
İran ordusu maksimum döyüş hazırlığı vəziyyətində olduqlarını açıqlayıb və mümkün cavabın strateji balansı İranın və onun tərəfdarlarının xeyrinə dəyişəcəyini iddia edib. Vəziyyət son dərəcə gərgindir və İsrailin ABŞ-sız hərbi əməliyyata başlayacağı ehtimalı az görünür, amma istisna edilmir. Hər iki tərəf qarşı tərəfin mümkün addımına qarşı ciddi xəbərdarlıqla çıxış edir və gərginlik daha da artır".
Müəllif: Aleksandra Appelberq