"Tehran İran xalqının nüvə enerjisindən dinc məqsədlərlə istifadəsi hüququnu müdafiə etməkdə qərarlıdır..."
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb. Bu gün İtaliyada İranla ABŞ arasında İranın nüvə proqramı ilə bağlı beşinci danışıqlar raundu keçirilib. İran xarici işlər naziri Abbas Araqçının başçılıq etdiyi nümayəndə heyəti artıq Romadadır. Görüşün təşəbbüskarı və vasitəçisi Omandır.
Araqçı: “Əgər sıfır uran zənginləşdirilməsi varsa, razılaşma yoxdur”
İran XİN sözçüsü İsmayıl Baqai bildirib ki, Tehran İran xalqının nüvə enerjisindən dinc məqsədlərlə istifadəsi hüququnu müdafiə etməkdə qərarlıdır.
Danışıqlardan öncə “X” sosial şəbəkəsində çıxış edən Abbas Araqçı bildirib:
“Əgər sıfır nüvə silahı varsa, razılaşma var. Əgər sıfır uran zənginləşdirilməsi varsa, razılaşma yoxdur. Qərar verməyin vaxtıdır”.
İsrailin təhdidlərinə qarşı beynəlxalq tədbir tələbi
Əraqçi əlavə edib ki, BMT baş katibi Antonio Quterrişə və MAQATE baş direktoru Rafael Qrossiyə məktublar ünvanlayıb və İsrailin təhdidlərinə qarşı beynəlxalq ictimaiyyətin effektiv qabaqlayıcı tədbirlər görməsini istəyib.
“İsrailin təxribatlarını dayandırmaq üçün tədbir görülməzsə, İran öz nüvə obyektlərini və materiallarını qorumaq üçün xüsusi addımlar atmağa məcbur olacaq”, – Araqçı bildirib.
Netanyahuya qarşı sərt ittiham və ABŞ-a ismarıc
Araqçı qeyd edib:
“Aydın görünür ki, Beynəlxalq Cinayət Məhkəməsinin axtarışında olan hərbi cinayətkar Netanyahu ABŞ-a nə etməli olduğunu diktə etmək istəyir və diplomatiyanı pozmaqla, özünə qarşı çıxarılan həbs orderindən diqqəti yayındırmağa çalışır. İran İslam Respublikası xalqını və maraqlarını qorumaq üçün heç nədən çəkinməyəcək.”
Tasnim: “İsrailin qeyri-dinc nüvə proqramı region və dünya üçün ən ciddi təhlükədir”
İranın "Tasnim" agentliyinin yaydığı məktubda qeyd olunur:
“İsrailin qeyri-dinc nüvə proqramı region və dünya üçün ən ciddi təhlükədir. Bu rejimə qarşı nüvə proqramının demontajı və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə nüvə silahına sahib olmayan dövlət kimi qoşulması üçün güclü beynəlxalq təzyiq göstərilməlidir.”
SEPAH: “İrana zərbə olarsa, dağıdıcı cavab olacaq”
SEPAH-ın sözçüsü, briqada generalı Əli Məhəmməd Naeini İsrailə sərt xəbərdarlıq edərək bildirib ki, İrana qarşı hər hansı zərbə "işğal olunmuş torpaqlarda dağıdıcı cavabla" cavablandırılacaq.
İran Silahlı Qüvvələri: “Yaxın Şərqdəki səhv addım ABŞ üçün yeni Vyetnam olacaq”
İran Silahlı Qüvvələrinin Baş Qərargahı da bəyanatla çıxış edib:
“ABŞ-ın Yaxın Şərqdə atacağı hər hansı səhv addım onun üçün yeni bir Vyetnam və ya Əfqanıstan kimi nəticələnəcək. ABŞ-ın bölgədəki çirkin əməlləri istənilən halda onlar üçün faciəvi sonluqla bitəcək.”
Araqçı: “İsrailin hücumu olarsa, ABŞ məsuliyyət daşıyacaq”
Mayın 22-də Abbas Araqçı bəyan edib ki:
“Əgər İsrail İranın nüvə obyektlərinə hücum edərsə, Tehran ABŞ-ı bu hücumda şərik hesab edəcək və buna görə onu məsuliyyətə cəlb edəcək.”
O, əlavə edib ki, İranın nüvə proqramı MAQATE-nin tam nəzarətindədir və bu agentliyin heç bir hesabatı proqramın dinc xarakterindən uzaqlaşdığını göstərməyib.