AZ

Azərbaycan Avropanın vacib tərəfdaşı statusunu daha da bərkitdi - antiazərbaycançı komissarlar uduzdu...


Azər Həsrət: “Əslində Aİ zirvəsindəkilər Azərbaycanın yerini, rolunu, əhəmiyyətini çox yaxşı başa düşürlər”

Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşü olub. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini qeyd ediblər.

Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.

Bir vaxtlar Aİ-nin sabiq rəsmisi Jozef Borrel Azərbaycanı gözdən salmaq, ölkəmizlə qurum arasında münasibətləri korlamaq üçün bütün çirkin vasitələrə əl atırdı. Açıq şəkildə Ermənistanı müdafiə edirdi.

Maraqlıdır, Antonio Koştanın, Ursula Fon der Lyayenin səsləndirdiyi bu fikirlərdə səmimiyyət nə dərəcədə dərindir, səmimi xarakter daşıyır? Nə dərəcədə etimad göstərib inanmaq olar ki, onlar həqiqətən Azərbaycanın Orta Dəhlizdəki rolundan, Mərkəzi Asiya ilə əlaqələrdən bu gün asılı olduqlarına görə belə demirlər? Yəni sabah enerji daşıyıcılarına, Mərkəzi Asiyanın zəngin xammal resurslarına ehtiyacları olmasa yenə də Azərbaycan haqqında belə yüksək fikirdə olacaqlarmı? Bir sözlə, Azərbaycanla bağlı bu fikirlərində nə dərəcədə səmimi olduqlarını düşünmək olar?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrət Fon der Lyayenin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə şübhə etmədiyini deyib: “Çünki o, istər Azərbaycana səfərində, istərsə də Prezident İlham Əliyevlə olan görüşlərində həmişə bu fikri dilə gətirib. Faktiki olaraq Azərbaycanın üzərinə gəlməyi adətə çevirmiş bir çox avropalı siyasilərdən fərqli ölkəmizlə daha yaxın, daha səmimi münasibətlər üçün çalışmaqdadır. Hesab edirəm ki, bu sözlər sadəcə indi formalaşmış, indi deyilən sözlər deyil. O, buna qədər də dəfələrlə Azərbaycanla bağlı xoş sözlər deyib. Hətta bir dəfə sosial media hesabında yazmışdı ki, Orta Asiyaya yolumuz Azərbaycan üzərindəndir. Azərbaycan bizim üçün körpü rolunu oynayır. Fikrimcə, o, bunu dərk edən siyasi xadimdir və Aİ-nin ən ali təmsilçisidir. Bu baxımdan onun sözlərinin səmimiliyinə şübhə etmirəm. Koştanın dediyinə gəldikdə, o da eyni xəttədir və onun da münasibəti bizim üçün bənzərdir, uyğundur. Ona qədər Avropa Şurasının keçmiş prezidenti Şarl Mişel də Azərbaycanla çox yaxın münasibətlərə üstünlük verirdi. Hətta Azərbaycan-Ermənistan sülh prosesinə töhfə verməyə çalışırdı. Dəfələrlə təşəbbüs göstərib Azərbaycanla Ermənistanı bir araya gətirib, danışıqlara vasitəçilik edib. Əslində Aİ zirvəsindəkilər Azərbaycanın yerini, rolunu, əhəmiyyətini çox yaxşı başa düşürlər. Bu baxımdan ölkəmizlə normal münasibətlərin tərəfdarıdırlar. Belə olan halda necə olur ki, Avropa Parlamentində tez-tez ölkəmizə qarşı qətnamə qəbul edilir? Azərbaycan tənqid edilir. Məsələ ondadır ki, Avroparlament yekcins deyil. Müxtəlif ölkələrdən – 27 Aİ ölkəsindən ibarətdir. Orada təmsilçilər var və yaxud da ölkələrin bəzilərinin Azərbaycana qərəzi açıq-aşkardır. Eyni zamanda bəzi ölkələrin təmsilçiləri arasında anti-Azərbaycan əhval-ruhiyyədə olan deputatlar da az deyil. Onlar o qədər ölkəmizə qarşı təbliğat kampaniyası aparırlar ki, Aİ-nin strukturları da o təbliğatın qurbanına çevrilir. Ona görə də çıxış yolu Aİ qurumları ilə daha yaxşı iş qurmaqdan keçir”.

Vidadi ORDAHALLI

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr