“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az onunla müsahibəni təqdim edir.
- Elxan bəy, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olmadığını bildirib. Bunu Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə əsaslandırmağa çalışıb. Hüquqi cəhətdən bu arqument nə dərəcədə əsaslıdır?
- Faktiki olaraq Paşinyan qısa müddətdə sülh sazişinin imzalanması üçün Azərbaycana yalvarır. Bakının tələbi odur ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmalıdır. O isə indi Ermənistan Konstitusiya Məhkəməsinin qərarına istinad etməyə çalışır ki, konstitusiyadakı həmin müddəa nəzərə alınmayacaq. Sözsüz ki, baş nazirin bu sözünə inanmaq olmaz. Paşinyan bu gün var, sabah yoxdur. Ondan sonra hakimiyyətə gələn şəxs iddia edə bilər ki, “biz konstitusiya məhkəməsinin qərarını tanımırıq və bizim üçün əsas olan Ermənistan konstitusiyasıdır, orada ərazi iddiasına dair bənd var, bundan çıxış edəcəyik”. Ermənistanın baş nazirinin əbədi olaraq Paşinyan olacağına kimsə inansa, onun vədini bəlkə də nəzərə almaq olar. Amma faktiki olaraq onun reytinqi aşağı düşür. Gələn ilin mayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Heç kim də zəmanət verə bilməz ki, o, gələn il hakimiyyətdə qalacaq və s.

- Konstitusiyadan həmin müddəanın çıxarılması ilə bağlı digər arqumentlər və alternativ yollar varmı?
- Əgər o, sülh sazişini imzalamaqda maraqlıdırsa, Ermənistan konstitusiyasındakı bəndi oradan çıxara bilər. Hətta parlamentdə səsvermə yolu ilə də bunu etmək mümkündür. Azərbaycan Ermənistana konstitusiyanı dəyişmək tələbini qoymayıb. Bu, onların daxili işidir. Özləri istəsə A-dan Z-yə konstitusiyalarını dəyişə bilərlər. Rəsmi Bakı sadəcə olaraq Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin konstitusiyadan çıxarılmasını istəyir. Bunun üçün daha 10 ay gözləməyə ehtiyac yoxdur. Parlamentdə səsvermə yolu ilə, ya da referenduma çıxarmaqla bunu həll etmək olar. Paşinyan erməni cəmiyyətinə izah etməlidir ki, Azərbaycanla sülh sazişi imzalayıb, münasibətləri bərpa edib regional layihələrə qoşulmaq olar. O, indi bunu etməsə, bir müddət sonra ona gücü çatmayacaq, reytinqi bir az da aşağı düşsə, bu, çətin olacaq.
- Paşinyan həmçinin Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının olduğunu deyir. Bunu da "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" prinsipi ilə əlaqələndirməyə çalışır…
- Əslində Paşinyan bu fikri səsləndirməklə Qərbi Zəngəzurun Azərbaycana aid olduğunu etiraf edir. Azərbaycan Xalq Cümhuriyyətinə istinad edilirsə, bu ərazilərin Azərbaycan xalqına məxsusluğu tanınmalıdır. Eyni zamanda bunu əsas tutub iki mövzu arasında bərabərlik işarəsi qoymaq gülüncdür. Ermənistan konstitusiyasının preambula hissəsində keçmiş Dağlıq Qarabağa aid iddialar açıq şəkildə qeyd edilib. Azərbaycan Konstitusiyasında isə Qərbi Zəngəzurun Azərbaycana birləşdirilməsi haqqında bənd yoxdur. Üç Cənubi Qafqaz ölkəsinin, yəni Azərbaycan, Gürcüstan və Ermənistanın keçmiş sovet ittifaqından öncə dövlət modeli olub. Hər üç ölkənin də buna istinad etməsi normaldır.

- Növbəti dəfə erməni tərəfi ATƏT-in Minsk Qrupu ilə sülh müqaviləsi arasında paralellik aparmağa cəhd edir. Minsk Qrupunun ləğvi üçün ATƏT-in Zirvə görüşü keçirilməlidir. Amma Bakı və İrəvan bu qrupdan imtina ilə bağlı birgə müraciət etsə, məsələ qısa zamanda öz həllini tapa bilər. Bu mexanizmi çətinləşdirməyin mənası nədir?
- Bu gün Minsk Qrupunun mövcudluğu Azərbaycanı çox da narahat etmir. Ona görə də de-fakto Minsk Qrupu yoxdur, de-yure isə onu guya saxlamağa çalışırlar. Bakının da əsas tələbi odur ki, Minsk Qrupundan birgə imtina edilsin. Beləliklə, məsələyə ATƏT-in növbəti iclaslarında baxıla bilər. Hər iki ölkə bundan imtina bəyanatı imzalasa, Fransa kimi ölkələrin bunun əleyhinə çıxması məntiqli olmayacaq. Ondan soruşacaqlar ki, tərəflər bundan imtina edirlərsə, nəyə əsasən onun qalmasını tələb edirsiniz. Bunu Ermənistan üzərindən Azərbaycana qarşı ərazi iddiası kimi izah edə bilərlər. Ona görə də bu məntiqi onların əlindən almaq üçün İrəvan Minsk Qrupu ilə bağlı qərar verməlidir. Onlar sadəcə olaraq sülh sazişi imzalanan gün Minsk Qrupundan imtina edəcəklərini deyirlər. Əslində bu məntiqsizdir.
- Məsələni niyə sülh sazişindən sonraya saxlamaq istəyirlər?
- Əksinə onlar bunu indi etmiş olsalar, Azərbaycanın sülhlə bağlı iki tələbindən biri də yerinə yetirilmiş olar. Bu, sülhü daha da yaxınlaşdıracaq. Çünki Minsk Qrupundan imtina ilə bağlı razı olduqlarını deməklə yanaşı onu sülh sazişi ilə eyni günə saxlamaq absurddur. İki dövlət Minsk Qrupundan imtina ilə bağlı qərar versə, ATƏT-in növbəti toplantısında buna baxıla bilər.