İsrail Nazirlər Kabineti Qəzza zolağının qalan ərazisi üzərində nəzarətin təmin olunması üçün əməliyyatın başlanmasını təsdiqləyib.

İndex.az xəbər verir ki, bu barədə “Euronews” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, mart ayının ortalarında İsraillə HƏMAS arasında atəşkəsin pozulmasından bəri İsrail ordusu anklav ərazisinin təxminən 50 %-i üzərində nəzarəti saxlayır.

Mənbələr bildiriblər ki, hökumət mayın 5-də səhər əməliyyatın başlanmasının lehinə səs verib. Bu, İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan on minlərlə hərbçisinin çağırılması barədə məlumat yayıldıqdan bir neçə saat sonra baş verib. Plan bütün əraziyə nəzarətin təmin edilməsini və İsrail ordusunun qeyri-müəyyən müddətə anklavda qalmasını nəzərdə tutur.

“Yeni plan İsrailin HƏMAS-ı məğlub etmək və Qəzzada saxlanılan girovları azad etmək kimi hərbi məqsədlərinə çatmasına kömək etmək üçün nəzərdə tutulub”, – mənbələr qeyd edib.

Bu arada, bu, yüz minlərlə fələstinlini Qəzzanın cənub hissəsinə köçməyə məcbur edəcək. Bu da onsuz da ağır olan humanitar böhranı daha da ağırlaşdıracaq.

Atəşkəsin bitməsinə qədər İsrailin əraziyə bütün humanitar yardımın, o cümlədən su, ərzaq və yanacağın çatdırılmasını dayandırmasının İsrail və HƏMAS arasında təxminən 19 aylıq müharibə ərzində ən ağır humanitar böhrana səbəb olduğu hesab olunur.

Rəsmilər bildiriblər ki, İsrail bir neçə ölkə ilə ABŞ Prezidenti Donald Trampın Qəzzanı nəzarətə götürmək və əhalisini köçürmək planı ilə bağlı əlaqə saxlayır.