“Kəpəz” Azərbaycan Premyer Liqasının 32-ci turunda Tovuz şəhər stadionunda “Zirə”yə 0:1 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
“Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarını dəyərdəndirə bilmədik. Qol üçün ustalıq, incə məqamlar çatmır. Bu gün uşaqlardan razıyıq”.
– “Zirə”dən xal ala bilməmisiz, hətta qol da vura bilməmisiz. Sizcə, bunun səbəbi nədir?
– Səbəbi deyə bilmərəm. Fürsət varsa, qol epizodları yaranırsa, bu, məşqçi işidir. Realizə yoxdursa, ustalıqla bağlıdır. Qol epizodlarımız oldu. Məşqdə də bunun üzərində işləyirik.
– Hakimlərlə bağlı fikriniz necədir?
– Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim ki, deyirsə, əlini aşağı sal… Söhbət 4-cü hakimdən gedir. Mənim üçün böyük sualdır. Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?
– Növbəti mövsümün planlarını cızmağa başlamısız?
– Bu barədə heç bir cavabım yoxdur. Sponspor gəlməlidir, hələ büdcə bilinmir.
– Rumıniya mətbuatının yazdığına görə, “Kəpəz” baş məşqçi postuna Mirça Redniki gətirmək istəyir. Bu xəbərlər sizə necə təsir edir?
– Mənim boynumda missiya var. Bu gün bunu yerinə yetirirəm. Başqa məsələlərə mən baxmıram, rəhbərlik baxır. Güclə sevgi olmur.