AZ

Əhməd bəy Ağaoğlu Nərimanova məktub yazıbmı? – Bir münaqişənin tarixi

​BAKI, 25 aprel. TELEQRAF

Türkiyədə 1940-cı illərdə çıxan “İslam-Türk Muhitülmaarifi” məcmuəsinin 46 və 47-ci saylarında Azərbaycanla bağlı materiallarda tanınmış ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun Cümhuriyyət dövründə ölkənin Rusiyaya birləşməsi, daha sonra Nərimanova məktub yazması məsələsi ilə bağlı iddialar səslənib. Məcmuədə bu iddiaları qələmə alan şəxsin imzası Ali Kutluk olaraq verilib. Mühacirətşünaslıqda bu imzanın məşhur mühərrir Mirzəbala Məhəmmədzadəyə aid olduğu bəllidir. Mirzəbala bəy “İslam-Türk Ensiklopediyası”nda çalışmış, Azərbaycana aid bu jurnalda müxtəlif maddələr yazmışdır.

Türkiyədə rəsmi olaraq Ali Kutluk imzasından istifadə edən Məhəmmədzadə dövrün tarixini yaxşı bildiyindən bu iddiaları səsləndirib.

Səməd Ağaoğlunun etirazı

Jurnalda çıxan bu yazıdan sonra artıq Əhməd bəy həyatda olmadığına görə oğlu Səməd Ağaoğlu məcmuəyə bir məktub göndərib. Həmin vaxt Ankara Ticarət Vəkaləti Daxili Ticarət Ümummüdir müavini olan Səməd bəy məktubunda yazıb:

“Möhtərəm, əfəndim.

İdareyi-fazılanələrində çıxan “İslam-Türk Muhitülmaarifi”nin 46 və 47-ci saylarında “Azərbaycanda siyasi hərəkatlar” və “İnqilab və istiqlalın əksləri” yazılarında atam mərhum Əhməd Ağaoğlunun Rusiyaya iltihaqı tərvic edən bəyanatdan və Nərimanova göndərdiyi bir məktubdan bəhs edilməkdədir.

Bu yazıların müəllifini tanımıram. Ancaq hər iki qisimdə ilk səhifədə mündəricatı göstərərkən başqa bir isim zikr edilmədiyi halda atamın isminin qeyd edilməsi müəllifin mərhumun üzərində qəsdən nəzəri-diqqəti cəlb etdirməyə çalışdığı anlaşılmaqdadır. İsmini və şəxsini tanımadığım bu zatın bu qəsdi-hərəkətinin nəyə istinad etdiyini, əlbəttə ki, təqdir və təsbit edə bilmirəm. Ancaq həqiqi şəxsiyyətini öyrəndikdən sonra şübhələndiyim kimsələrdən birisi zühur edərsə, o zaman mənim də söyləyəcək bəzi sözlərim olduğunu zənn edirəm. Əgər bu kimsələrdən deyilsə, o təqdirdə başqalarının təlqinləri ilə hərəkət edən və eşitdiklərinin həqiqətini araşdırmadan təsadüfi yazmağa cəhd edən bir adam olduğuna hökm edəcəyəm.
Çünki atamın bu yaxınlarda Azərbaycanın istiqlal hərəkatına aid nəşr edəcəyim xatirələrinin əsas qismindən qəti şəkildə öyrənəcəyimiz kimi iddia edildiyi şəkildə bir bəyanatının qətiyyən olmadığını, eləcə də Maltadan qayıtdıqdan sonra Nərimanova belə bir məktub yazmadığını görəcəyik.

Həqiqətdə isə Maltadan qayıtdıqdan sonra atamdan deyil, fəqət Nərimanovdan atamı Azərbaycana dəvət edən bir məktub gəlmiş və atam bu məktuba bütün mənəvi və maddi istək və şərtlərin onu yalnız Anadoluya bağladığını və İstiqlal Mücadiləsinə atılmış Türk dünyasının bu son parçasına əlindən gəldiyi qədər xidmət etmək əzmində olduğunu bildirmiş və Azərbaycana deyil, birbaşa Anadoluya getmişdir. Bu iki məktubu yenə pək yaxında və ayrıca nəşr edəcəyəm.

Atamın xatirələri ilə birlikdə bu həqiqət açıq şəkildə meydana çıxacaqdır: Azərbaycan istiqlal mübarizəsinin gerçək şərəfləri, sənədləri, ya ruslar və yaxud bir qisim azərilər tərəfindən məhv edildiyini zənn edənlərin yağmalarına rəğmən əsl sahiblərindədir və çox şükür ki, bu sahiblərin və hələ bu istiqlalı damarlarındakı qanla təmin etmiş və qorumuş olan Anadolu cocuklarının ən böyük komandandan ən kiçik zabitinə qədər böyük qismi hazırda həyatdadırlar.

Bu məktubun məcmuənizdə eynilə nəşrini qanundan deyil, keçmişdən bəri dürüst və haqşünas olaraq tanınmış olan adınızdan istəyirəm. Dərin hörmətlə. Ankara. Səməd Ağaoğlu”.

Mirzəbala Məhəmmədzadənin cavabı

Məcmuə tərəflərin bütün fikirlərinə hörmət edərək Səməd bəyin məktubuna cavab olaraq Ali Kutlukun da (Mirzəbala Məhəmmədzadənin) cavabını dərc edib. Həmin cavab bu şəkildədir:

“Məktubunuzdan xəbərdar oldum. Azərbaycan istiqlal mübarizəsində atanızın hərəkətləri haqqındakı yazılarım digər bütün mövzulara dair yazılarım kimi sənədlərə istinadəndir. Sənədsiz yazı yazmaq zatən adətim deyildir. Siz də göstərdiyim vəsiqələrə müraciət etsəniz, söylədiklərimin həqiqətin özü olduğunu şəxsən görərsiniz. Həm də bu xüsusda mənim bəhs etdiyim çox qısadır. Siz mərhum atanızın istər Azərbaycanın Rusiyaya iltihaqı lüzumu haqqındakı bəyanatının, istərsə də Azərbaycan sovet hökuməti rəisi Nərimanova bolşevik prinsiplərinin faydaları ilə təşriki-məsai haqqında göndərdiyi məktubunun tam mətnlərini görmüş olsaydınız, zənn edirəm ki, bizdən daha çox mütəəssir olardınız və ürkərdiniz.

Bəhs mövzusu olan və Sovet mətbuatında intişar edən “Əhməd Ağayev” imzalı məktubda mərhum atanızın Nərimanov tərəfindən dəvət olunduğuna və cavabən yalnız Anadoluya bağlı qalmaq istədiyini bildirdiyinə dair, təəssüf ki, heç bir qeyd yoxdur, əksinə, Azərbaycana getmək və təşriki-məsai etmək (əməkdaşlıq – D.Ə) arzusunda olduğu açıqca bəyan edilmişdir.

Buna əmin ola bilərsiniz ki, əvvəlcə Azərbaycanın oyanışında çox xidmətləri olan və bu səbəbdən hörmətimizi qazanmış mərhum atanızın sonradan, təəssüf ki, belə yanlış hərəkətləri olubdur. Bu məsələ azərbaycanlılar arasında xeyli uzun münaqişələrə səbəbiyyət vermişdir. Azərbaycan istiqlal mübarizəsilə bir az əlaqədar olan hər azərbaycanlı bunu bilir. Bu məktub Sovet mətbuatında nəşr olunduğu zaman Azərbaycanda olan türk ricalının nə qədər heyrət və təəssürlərə düşdüyünü Ankarada da təhqiq edib anlaya bilərsiniz. Mən sizin də bunları təfsilatı ilə bildiyinizi zənn edirdim. Əgər bu işlərlə məşğul olmağa vaxt tapmadınızsa, indi bu sənədləri tədqiq edə bilərsiniz və ancaq ondan sonra bu məsələləri bəhs mövzusu etməniz muvafiq olur.

Mərhum atanızın nə cürsə etdiyi bu uyğunsuz hərəkətləri sizin də təsvib etməyəcəyinizi qüvvətlə ümid edirəm. Atanızın həyatında mətbuata intiqal edən və mərhum tərəfindən də təkzib edilməmiş olan və hər kəscə məlum olan bu məsələləri inkar etmək sizi çox müşkül vəziyyətdə qoyar. Sizin üçün ən müvafiq hərəkət xətti atanızın bu uyğunsuz qənaətlərinə təəssüfünüzü bəyan etməkdən ibarətdir.

Azərbaycandakı siyasi hərəkatlardan, cərəyanlardan bəhs edərkən mərhum atanızın ismindən bəhs olunmasına gəldikdə, bunun səbəbi mərhum atanızın bu işlərin başında olması və fərqlənmiş bir şəxsiyyət olması etibarilədir, yəni bir zərurətdir, başqa bir şey deyildir. Buna əmin ola bilərsiniz ki, bu yazıların mühərriri bəhs etdiyi sənədləri şəxsən görmüş, bu hadisələr içərisində yoğrulmuş bir azərbaycanlı türkdür və kimsə ilə bir şəxsi davası yoxdur.

Mərhumun pək dalğalı hadisələr içərisində keçən siyasi həyatı arasında belə naxoş vaqiələrin də olması siz övladlar qədər bizi də mütəəssir edər. Fəqət nə çarə ki bu bir həqiqətdir. Bu acı yara üzərində çox durmaqdansa onu bizim etdiyimiz kimi qısa verərək onun xidmətləri haqqındakı xatiratını bir an əvvəl nəşr etməyə hümmət etsəniz, daha münasib olar qənaətindəyəm.

Hamımızın təmənni edəcəyimiz bir şey varsa, o da mərhumun xidmətlərinə müqabil təqsiratının əfv olunması və Allahın rəhmətinə qovuşmasıdır. Azərbaycanlıların böyük mübarizələri hər şeyin fövqündədir, əzizim. Hörmətlə Ali Kutluk”.

İddialar doğrudurmu?

Şübhəsiz ki, Cümhuriyyətin işğalından ötən 20 ildən sonra da bu məsələlərin gündəmə gəlməsi birbaşa 1918-ci ilin iyun ayında baş verən hadisələrlə bağlıdır. Qafqaz İslam Ordusunun siyasi müşaviri kimi Azərbaycana qayıtmış Əhməd bəy Ağaoğlu ilə Azərbaycan Milli Şurası arasında yaşanan qalmaqal istər Məhəmmədəmin Rəsulzadədə, istərsə də digər Cümhuriyyət xadimlərində xoş olmayan bir xatirə kimi qalmışdır.

Həmin vaxt Ağaoğlu ilə Cümhuriyyət xadimləri arasındakı gərgin müzakirələrin nəticəsində Azərbaycan Milli Şurası özünü ləğv etmişdi. Milli Şuranın sədri M. Rəsulzadənin bu hadisəni unutmamasını Eldəniz Qurtulanın “Əmim Hamlet” kitabındakı bir xatirədən də görürük:

“Axşam Haydarpaşadan Ankaraya getmək üçün qatara minəcəkdik. Yola salan təkcə mən idim. Vağzalda bir təlaş vardı. Səməd Ağaoğlu da eyni qatarla gedəcəyi üçündü. Yanında izdiham vardı. Rəsulzadə dedi: “Bilirsən, iqtidar partiyasının idarə heyətinin üzvüdür. Atası Əhməd Ağaoğlu vaxtilə gəlib buraya yerləşmiş. 1918-ci ilin sentyabr ayında Azərbaycan və Osmanlı orduları Bakını qurtararkən Osmanlı ordusunun siyasi müşaviri idi. Mövcud hökumətimizi devirməyə çalışdı, haqsız yerə bizimlə dalaşdı...”

Səməd Ağaoğlu kupesinin pəncərəsindən onu görüncə əl salladı. Əmin bəy də qarşılıq verdi, nəzakət xatirinə yaxınlaşıb bir neçə kəlmə danışdı”.

Bu xatirə 1953-cü ilə aiddir.

Şübhəsiz ki, 1918-ci ilin iyununda Əhməd bəy Osmanlı hökumətinin təmsilçisi idi və mərkəzi idarəçiliyin göstərişləri çərçivəsində hərəkət etmişdi. Digər tərəfdən paytaxtı işğalda olan Azərbaycanın yaşayacağına dair ümidlərinin az olması, bu səbəbdən Osmanlıya birləşməsini istəməsini təbii qəbul etməliyik. Ağaoğlunun Azərbaycanın Rusiyaya birləşməsi ilə bağlı bəyanatına gəldikdə fikrimizcə, Mirzəbala Məhəmmədzadə Əhməd bəyin 1918-ci ilin noyabr ayında baş verən hadisələr zamanı verdiyi bəyanatı nəzərdə tutur.

Həmin vaxt Bakıda qalib dövlətlərin təmsilçisi olaraq ingilis generalı Tomsonun qüvvələri vardı, eyni zamanda Biçeraxovun silahlı dəstələri özbaşınalıq edirdi, Osmanlı məğlub olmuş və Cənubi Qafqazdan çəkilmək üzrə idi. Mərhum tədqiqatçı Aydın Balayevin də yazdığı kimi belə bir vəziyyətdə gərgin psixoloji durumda olan Ağaoğlu çarələr axtarırdı və nəticədə bu şəkildə bir bəyanat vermişdi: “Azərbaycan türklərinin indiyədək güvəndiyi Osmanlı dövləti dünya müharibəsində məğlub olmuşdur. Azərbaycanlılar yalnız Türkiyəyə və Rusiyaya meyil edə bilərlər. Türkiyənin məğlubiyyətindən sonra isə azərbaycanlıların öz taleyini Rusiyaya bağlamaqdan başqa çarəsi qalmır. Üstəlik Türkiyə ilə müqayisədə Rusiya mədəni baxımdan daha yüksək pillədə durur. Buna görə də əgər Avropadakı sülh konfransında Azərbaycan məsələsi öz həllini tapmasa, Azərbaycan türkləri ümumrusiya federasiyasına qoşulmağa razılıq verməlidir”.

Şübhəsiz ki, Səməd bəyin bu bəyanatdan xəbəri ola bilməzdi. Amma həmin vaxt Bakıda olan Mirzəbala Məhəmmədzadə özünün də dediyi kimi hadisələrə şahid olduğu üçün baş verənlərdən xəbərdardı.

Nərimanova məktub məsələsi

Həm Səməd Ağaoğlu, həm də Mirzəbala Məhəmmədzadə Nərimanova məktub məsələsində haqlıdırlar. Çünki əslində ortada iki məktub var, Mirzəbala bəy birinci məktubdan, Səməd bəy isə ikinci məktubdan bəhs etməkdədir.

Ağaoğlu Malta sürgünündən azad olunduqdan sonra, həqiqətən də, Nəriman Nərimanova bir məktub göndərib. Rus dilində olan bu məktubun orijinalı “Bakinskiy raboçiy” qəzetində işıq üzü görüb. Daha sonra isə “Kommunist” qəzetinin 19 iyun 1921-ci il sayında dərc edilib. Əslində bu məktubu Ağaoğlu mətbuatda dərc olunması üçün göndərməmişdi. Amma məktubdakı fikirlər Nərimanovun mənafeyinə xidmət etdiyi üçün şəxsi yazılmış məktubu qəzetlərdə dərc etdirmişdi. Çünki Ağaoğlu kimi çar Rusiyasında geniş şöhrəti olan bir şəxsiyyətin bolşeviklərə isti münasibətini ifadə edən məktubu müsavatçılarla mübarizəsində göydəndüşmə bir hadisə idi.

Ağaoğlunun Nərimanova yazdığı məktubda müsavatçıların etirazına səbəb olan hissələr bu şəkildədir: “...Əsirlik müddətində mən çox oxudum, fikirləşdim, düşündüm, qabaqcadan mənə bu qədər tanış olan ingilis dilini əsaslı surətdə öyrəndikdən sonra onun sayəsində və fransız dilinin köməyi ilə mən Qərb kulturasının əsasları haqqında çox oxudum. Sizə də məlum olduğu kimi müsəlman millətlərinin dillərini də bildiyimdən mən çoxdan lazımınca Şərqi bilirdim. Bütün bu mütaliələr, düşüncələr və bu müddətdə görmüş olduğum təcrübələr məni dərin və qəti bir imana gətirdi ki, istər Şərqdə, istərsə Qərbdə bütün ictimai üsul və bütün ictimai quruluş yalan, qaba arizu, güclülərin gücsüzləri əzmələri üzərində durmaqdadır.

O şeyə ki, mədəniyyət, hürriyyət, müsavat deyirlər, zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayəsində ancaq qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsuli-idarə öz yalan və riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və o bəşəriyyət əziyyətə məhkumdur. Ondan ötrü yeganə qurtuluş hal-hazırda Rusiyada hökmfərma olan ideal sayəsində mümkündür. Mən bu hərəkat rəhbərlərinə, bəşəriyyətin xilaskarlarına istirahət, məhəbbət və səadət üçün imanı ilə doğru yol göstərən peyğəmbərlərə baxan kimi baxıram. Bu, Şərq üçün də xüsusən yeganə bir qurtuluş yoludur...

Möhtərəm doktor! Əgər mənim nəzəriyyə və imanımın səmimiliyinə qabilincə əhəmiyyət verə bildiyinizdən indi layiqli mövqeni işğal etdiyiniz işin qələbəsindən əgər bir yararlıq göstərəcəyimə inanarsınız isə yalnız əcələ etmək üçün bir sözünüzü bəkləyirəm. Açıq söyləyəlim məni bu işə vadar edən xüsusi bir səbəb də var. Mənim 51 yaşım vardır. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvət qalmışdır. Mən istərdim ki, bu son illərimi doğma vətənimə ithaf edim, son çağlarımı orada keçirim və nə gizlədim vətənimin torpağında dəfn olum.

Məni Ankaraya cəlb edirlər və orada mənə geniş fəaliyyət imkanları verirlər, hərgah vətənim imtina edərsə, mən oraya gedəcəyəm. Fəqət mən Bakıya tələsirəm, orada bir saat yaşayım və ölüm! Mən orada 5 çocuq yetişdirmişəm və arzu edərdim ki, onlar da vətənimə xidmət etsinlər. Əgər mənim təklifimi qəbul etməyi lazım bilərsiniz mən zikr olunmuş təbliğat ilə işğal edib və xalq maarifini yeni əsaslar üzrə qurmaqda çalışaram...”

Şübhəsiz ki, Səməd Ağaoğlunun bu məktubdan xəbəri ola bilməzdi. Amma onun arxivində atasının yazdığı ikinci bir məktub mövcuddu. Həmin məktubda Ağaoğlu artıq Ankara hökumətinin yanında olduğunu, ömrünü Türkiyəyə həsr edəcəyini bildirirdi:

“Əziz və möhtərəm Nəriman bəyəfəndi!

Köhnə bir dost üçün göstərdiyiniz böyük ehtirama qarşı çox minnətdar və mütəşəkkirəm. Fəqət üç dürlü düşüncə mənə bu ehtiramdan yararlanmağa mane olur.

1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.

2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqda sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.

3. Məni əsarətdən qurtararaq yenidən can və varlıq vermiş Ankaraya getməyin mənim üçün bir namus borcu olduğunu düşünməkdəyəm.

Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır. Sizin kimi hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə müqəddəsdir, mübarəkdir!”

Məktubdan da aydın olduğu kimi Nərimanov Ağaoğlunun məktubunu dərc etdikdən sonra onun istəyini də yerinə yetirmişdi. Ə. Ağaoğlunun məktubunun “Kommunist” qəzetində çap olunmasından cəmi bir gün sonra Bakıda Azәrbaycan Xalq Maarif Komissarlığı Kollegiyasının iclasında 8-ci mәsәlә kimi Şәrqşünaslıq vә İctimai Elmlәr İnstitutunun ilk tәrkibinin seçilmәsi müzakirә edilib. Çıxarılan qərarda 6 nəfərin adı yazılıb. Üçüncü üzvün qarşısında qeyd edilib: “Əhmәd bәy Ağayevi – Bakıya gәlişi әn yaxın zamanlarda gözlәnilәn görkәmli ictimai- siyasi xadimi”.

Beləliklə, bu məsələdə hər iki tərəf haqlıdır. Mübahisə tərəfləri fərqli-fərqli məktublar üzərindən fikirlərini ifadə ediblər. Əhməd bəyin Nərimanova birinci məktubu yazmasına gəldikdə isə, bu, olduqca təbii idi. Maltadan ailəsinə göndərdiyi məktublardan açıq görünür ki, o, həbsində Azərbaycan Cümhuriyyəti hökumətini ittiham edib, onların təmsilçisi kimi tutulduğunu yazıb, heyət rəhbəri Topçubaşovu onu xilas etməməkdə günahlandırıb. Görünür, böyük ümidsizlik içində yaşayan Ağaoğlu həm özünün, həm də ailəsinin gələcəyini qorumaq üçün vətəninə qayıtmaq istəyib. Lakin Ankara hökumətinin ona rəğbət bəsləməsi bu qərardan vaz keçməsinə və növbəti məktubu yazmasına səbəbiyyət verib.

Təbii ki, Əhməd bəyin istər bəyanatı, istərsə də, Nərimanova məktubu dövrün çalxantılı hadisələri çərçivəsində yanaşılmalıdır. Amma bir məsələni də unutmamalıyıq ki, ilk gündən Azərbaycanın müstəqilliyi yolunda həm Osmanlı ilə, həm ingilislərlə mücadilə aparan Azərbaycan Milli Şurasının üzvləri haqlı idilər...

Seçilən
7
50
teleqraf.com

10Mənbələr