Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə muzeylərdə “açıq qapı” elan olunacaq.
Referans xəbər verir ki, ölkəmizdə bu əlamətdar günlə əlaqədar Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə çoxsaylı tədbirlər keçiriləcək.
Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.
Həmçinin mayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı olacaq.
Əzim Əzimzadənin ev-muzeyi və Məmməd Səid Ordubadinin xatirə muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunacaq. “Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin Mənzil-Muzeyində açıq havada ustad dərsləri təşkil olunacaq, sərgi nümayiş etdiriləcək.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü ərəfəsində silsilə tədbirlər təşkil olunub. 13-17 may tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani – 200” layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici tədbirlər keçirilib. Azərbaycan və rus dillərində keçirilən proqram çərçivəsində XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illiyinə həsr edilmiş mühazirə və təqdimat olub. Tematik və interaktiv ekskursiyalarda uşaqlar M.Q.İrəvaninin ekspozisiyada yer alan əsərləri ilə tanış olub, ustad dərslərində rəssamın əsərlərini imitasiya ediblər.
AMİM-in “Muzeydə kino” layihəsi çərçivəsində mayın 17-də M.Q.İrəvaninin 200 illiyinə həsr olunan "Cənnət yuxusu" bədii-sənədli filmi nümayiş etdirilib.
Mayın 17-də Abdulla Şaiqin mənzil-muzeyində “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində müasir dövrdə uşaqların maraqlarına və inkişaf ehtiyaclarına uyğun şəkildə muzeylərin təlim-tərbiyə prosesinə cəlb edilməsi ilə bağlı çıxışlar dinlənilib. Musiqi nömrələri təqdim olunub, qiraətçilərin ifasında şeirlər səsləndirilib.
Həmin gün Bülbülün Memorial Muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi şagirdlərinin ifasında “Caz saatı” adlı konsert proqramı təqdim olunub.
Mayın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yeni "Musiqi və təsviri sənət" adlı ekspozisiya zalının açılışı və “Muzeylər mədəniyyətlər arasında bir körpüdür” adlı tədbir keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində “Tağıyev: zamanı aşan irs” adlı tədbir təşkil olunub. Mayın 16-da reallaşan tədbirdə Hacı Zeynalabdin Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, maarifçilik ideyaları və mədəni irsi haqqında geniş məlumat verilib. Milli mesenatın ev-muzeyi və onun əhəmiyyəti, Tağıyev irsinin bu günə təsiri mövzularında mühazirələr təqdim olunub. Tədbir çərçivəsində “Tağıyev: zamanı aşan irs” mövzusunda interaktiv viktorina da keçirilib. Yüksək nəticə göstərən şagirdlər sertifikat və hədiyyələrlə təltif ediliblər.
Həmin gün Hüseyn Cavidin Ev-Muzeyində “Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət" adlı tədbir keçirilib. Tədbir çərçivəsində “Hüseyn Cavidin ictimai-fəlsəfi ideyalarının bugünkü zamanla əlaqəsi”, “Cavidin gələcəyə baxışı”, “Hüseyn Cavidin əsərlərində gələcək zaman, azadlıq və dəyişən insan anlayışı”, “Mənim muzeyim – mənim gələcəyim”, “Hüseyn Cavidin ev-muzeyinin mədəni yaddaşdakı yeri” mövzularında məruzələr təqdim olunub.
Mayın 16-da həmçinin Səttar Bəhlulzadənin ev-muzeyində tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun "Mirzə Qədim İrəvani və XIX əsrdə İrəvanda Azərbaycan mədəni irsi" mövzusunda mühazirəsi dinlənilib.
Mayın 15-də isə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Bakı şəhərində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə gənclər müxtəlif xalqların milli geyimlərində mahnı və rəqsləri ifa ediblər. Həmçinin mövzu ilə bağlı sərgi nümayiş olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта