Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ-nin Tbilisidəki səfirliyinin paytaxtın üç böyük ticarət mərkəzində partlayış təhlükəsi ilə bağlı yaydığı xəbərdarlığı əsassız olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
“Xüsusi xidmətlər növbəti yalan məlumat faktı üzrə işləyirlər”, – təhlükəsizlik xidmətində qeyd ediblər.
DTX həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik korpusları “təhlükəsizliyə məsul xidmətlərin fəaliyyətinə hörmətlə yanaşmağa, daha çox məsuliyyət göstərməyə və razılaşdırılmamış bəyanatların yayılmasından çəkinməyə” çağırıb.
Daha əvvəl ABŞ səfirliyi öz saytında Tbilisinin üç böyük ticarət mərkəzində mümkün bomba partlayışı təhlükəsi ilə bağlı məlumata malik olduğu barədə bəyanat yaymışdı. Diplomatik nümayəndəlik səfirlik əməkdaşlarına əlavə məlumat alınana qədər bu yerlərdən uzaq durmağı tövsiyə etmişdi.