Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.
2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, sertifikasiyanın nə vaxt keçiriləcəyi açıqlanmayıb.
Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da deyir ki, son illərdə müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı tarixlər əsasən aprelin sonunda açıqlanırdı.
"Bu, həm təqvim baxımından müəllimlərə planlama imkanı verir, həm də hazırlıq prosesinə psixoloji olaraq köklənməyə şərait yaradırdı. Lakin cari ildə bu ənənənin pozulması, yəni tarixlərin gec açıqlanması, bir sıra suallar doğurur", - o qeyd edib.
Günay Əkbərovanın sözlərinə görə, əsas səbəblərdən biri kimi Elm və Təhsil Nazirliyində bəzi yeni prosedurların tətbiqi, normativ sənədlərin yenilənməsi bu kimi gecikmələrə səbəb olur:
“Bundan əlavə, əvvəlki illərdə keçirilmiş imtahanlara dair toplanan geribildirimlərin dəyərləndirilməsi və formatın təkmilləşdirilməsi də daha çox vaxt tələb edə bilər. Müəllimlərin bu ilki imtahanlarda nəyin dəyişə biləcəyi ilə bağlı narahatlıqları haqlıdır. Baxmayaraq ki, radikal dəyişikliklər gözlənilmir”.
Müsahibimiz bildirib ki, bu prosesdən keçən bir çox müəllim kimi sizə həm təcrübəyə, həm də gerçəkliyə əsaslanan bir neçə səmimi tövsiyələri var:
“Tarixlərin gec açıqlanması prosesin daha ciddi şəkildə hazırlandığını göstərir. Nəzəriyyəni əzbərləməkdən çox, tətbiq etməyi öyrənmək daha faydalıdır. Metodika biliklərini dərs mühitində necə istifadə etdiyinizi düşünün. Müsahibə mərhələsində öz dərs təcrübənizdən çıxış edin. Müsahibədə konkret situasiya nümunələri sizə üstünlük qazandıracaq.Digər müəllimlərlə birgə hazırlaşmaq, qrup şəklində test işləmək, fikir mübadiləsi aparmaq həm motivasiya yaradır, həm də psixoloji təzyiqi azaldır.
Yalnız rəsmi mənbələrə güvənin. Sosial mediada yayılan qeyri-dəqiq məlumatlar sizi çaşdıra bilər. Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmi səhifələrini izləyin. Unutmayın, bu imtahan sizin peşəkar inkişaf yolunuzdakı bir mərhələdir. Onu keçmək yalnız bilik deyil, həm də özünəinam, hazırlıq və məqsədyönlülük tələb edir. İnanıram ki, digər fənnlərdə olduğu kimi, yenə müəllimlərimiz yüksək nəticələr göstərəcək”- G.Əkbərova qeyd edib.