Keçmiş nazir olaraq musiqi müəllimlərinin attestasiya prosesini tam dəstəkləyirəm, Mədəniyyət Nazirliyi və kommisiyanın tərəfindəyəm.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu deyib.
O qeyd edib ki, attestasiya məsələsi çoxdan gündəmdə idi:
"Bu məsələlər çoxdan var idi və mən kiçik də olsa, bir tarixçəni demək istəyirəm. 30 ilə yaxın bizim 7 rayonumuz işğal altında olub. Bizim bu müddətdə əsas məqsədimiz 7 rayonda olan 80-dən çox musiqi məktəbində müəllimləri maaşsız qoymamaq, çətin də olsa, həmin musiqi məktəblərini yaşada bilmək və məhv olmasına qoymamaq idi. Bir neçə dəfə Maliyyə Nazirliyi də qeyd etmişdi ki, işğal altında olan rayonların musiqi məktəbləri, muzeyləri saxlanılmamalıdır. Necə olur ki bina yoxdur, amma maaş tələb edirsiniz?! Amma Ümummilli Lider Heydər Əliyev buna imkan vermədi və bildirdi ki, işağal bitdikdən sonra bu ənənə davam etməli idi.
Düzdür maaşlar çox aşağı idi, amma kiminsə yaxınları qohumları bu sahəyə cəlb olunurdu ki, o sahələr boş qalmasın. 5 ildir qələbə çalan və bütün imkanları olan ölkə kimi yenidən bu məsələyə qayıtdıq. Çünki bu sahələrdə çox acınacaqlı məsələlər var. Bu dəyişikliklərə ehtiyyc var.
Bəzi məsələlərə həm də fərdi yanaşmaq lazımdır. Adam gəlir 58 yaşı var, pensiyaya çıxması üçün 2 ili qalıb. Qeyd edir ki, təkdir, başqa gəliri yoxdur. Vətəndaşları incitmək olmaz və inanıram ki, Mədəniyyət Nazirliyi heç bir vətəndaşı yolda qoymayacaq. Müəllim kimi işləməsələr də, hansısa inzibati işdə çalışmalarına imkan yaradılmalıdır.
Reallıq da göstərir ki, savadsız müəllimlərin sayı çoxdur və onlar uşaqlara çox zərər vururlar. Onların qarşısını indi ala bilməsək, heç vaxt ala bilməyəcəyik".