Bakı QHT-lərin beynəlxalq platformalarının təsis olunmasına ev sahibliyi edir.
Azərbaycan artıq regional deyil, həm də qlobal səviyyədə vətəndaş cəmiyyəti quruculuğu proseslərinin fəal iştirakçısına çevrildiyini nümayiş etdirdi.
Bu fikirləri Herbiand.az-a “İnnovativ Progress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva bildirib:
“Bildiyiniz kimi, 28-29 aprel 2025-ci il tarixlərində Bakıda Qlobal Cənub QHT Platformasının təsis olunması ilə bağlı təsis konfransı keçirildi. Bununla da Azərbaycan beynəlxalq vətəndaş cəmiyyəti məkanında mühüm bir mərhələyə imza atdı. Bu təşəbbüs ölkəmizin qlobal miqyasda artan nüfuzunu və strateji mövqeyini bir daha təsdiqlədi”.
Səidə Musayeva Bakıda Qlobal Cənub QHT Platformasının yaradılması ilə Azərbaycanın beynəlxalq səviyyədə vətəndaşcəmiyyəti institutlarının mərkəzinə çevrildiyini söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyev təsis konfransı iştirakçılarına ünvanladığı təbrik nitqində Azərbaycanın strateji mövqeyini və Qlobal Cənuba verdiyi önəmi vurğuladı.
Birlik sədrinin sözlərinə görə, Azərbaycan Milli QHT Forumunun bu təşəbbüslə çıxış etməsi ölkəmizin vətəndaş cəmiyyəti institutlarının nə qədər yetkin və təşəbbüskar olduğunu göstərir:
“Bu, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin strateji baxışının və fəaliyyət fəlsəfəsinin real nəticəsidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi artıq qlobal trendləri izləyən və onlara uyğun çevik addımlar atan müasir bir institut kimi formalaşıb”.
28 aprel tarixində Azərbaycan Milli QHT Forumunun fəaliyyətində tarixi anlardan biri başverdi. Həmin gün Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli bir il müddətinəQlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi seçildi. Səidə Musayeva bildirib ki, Platforma inkişaf etməkdə olan ölkələrin QHT-lərini bir araya gətirərək, onların beynəlxalq səviyyədə səsini daha güclü şəkildə eşitdirməyə imkan yaradacaq. Bu da Azərbaycanın qlobal ədalət və bərabərlik prinsiplərinə əsaslanan yanaşmasının təzahürüdür:
“Qlobal Cənubun ortaq problemlərinin həlli, informasiya və təcrübə mübadiləsinin təşkili, həmçinin birgə layihələrin həyata keçirilməsi baxımından yeni bir beynəlxalq əməkdaşlıq modeli olaraq Bakıda formalaşmağa başlayır. İnanıram ki, bu platforma gələcəkdə humanitar, sosial və ekoloji sahələrdə birgə fəaliyyət üçün əsas koordinasiya mərkəzlərindən biri olacaq”.
Birlik sədrinin fikrincə, Azərbaycanın bu istiqamətdə atdığı addımlar bir daha sübut edir ki, ölkəmiz təkcə siyasi və iqtisadi deyil, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafında da qlobal səviyyədə liderliyə iddialıdır. Bakının beynəlxalq QHT platformasının mərkəzinə çevrilməsi isə bu liderliyin ən bariz göstəricisidir.