Hindistan və Pakistan arasında illərdir davam edən gərgin münasibətlər bu dəfə su üstündə pik nöqtəyə çatıb. Hindistan, 1960-cı ildə imzalanmış və hər iki ölkənin Hind çayının sularını paylaşmasına imkan verən “Hind Suları Müqaviləsi” çərçivəsində çayın axınını ilk dəfə tam şəkildə bloklayıb. Rəsmi məlumatlara görə, Hindistan dörd əsas su şlüzünü bağlayaraq Pakistanın çaydan istifadəsinə imkan verməyib. Bununla da, qonşusunun su ehtiyatlarının 80 faizə qədərini kəsib.
İslamabad bu addımı birbaşa müharibə aktı kimi qiymətləndirib. Pakistan rəsmiləri əvvəlcədən xəbərdarlıq etmişdi ki, Hind çayının axını dayandırılarsa, bu, ciddi nəticələrə səbəb ola bilər. Hazırda Pakistan ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib, sahil sularında və hava məkanında canlı atəş təlimlərinə başlanılıb.
Gərginliyin artmasına səbəb olan əsas hadisə aprelin 22-də baş verib. “Kəşmir Müqaviməti” adlı yaraqlı qruplaşma Hindistanın Pahalqam şəhəri yaxınlığında turistlərə hücum edərək 26 nəfəri qətlə yetirib. Hindistan bu terror aktına görə məsuliyyəti birbaşa Pakistana yükləyib və cavab olaraq sərt tədbirlər görməyə başlayıb.
Yeni Dehli yalnız su blokadası ilə kifayətlənməyib. Hindistan Pakistan səfirliyinin bütün attaşelərini ölkədən çıxarır, eyni zamanda İslamabaddakı diplomatlarını geri çağırır. Bu, iki ölkə arasında diplomatik əlaqələrin faktiki olaraq dondurulması anlamına gəlir.
Hindistan Hərbi Hava Qüvvələri qərb sərhədində döyüş təyyarələrinə havada yanacaq doldurma əməliyyatları keçirib, BRAHMOS raketlərinin sınaq görüntüləri yayımlanıb. Pakistan tərəfi də cavab olaraq sualtı qayıqlarla hərbi təlimlərə başlayıb. Hər iki tərəf sərhədyanı bölgələrdə hərbi aktivliyi artırır.
Analitiklər bu vəziyyəti ciddi eskalasiya riski kimi qiymətləndirirlər. Su resursunun siyasi təzyiq alətinə çevrilməsi, xüsusilə iqlim böhranı dövründə, həm region üçün, həm də qlobal təhlükəsizlik baxımından son dərəcə təhlükəlidir. Müqavilə əsasında illərlə qorunan su paylaşımı bu gün bir silaha çevrilmək üzrədir.
Hazırda hər iki ölkədə vəziyyət yüksək səviyyələrdə müzakirə edilir. Hindistan parlamentində bağlı qapılar arxasında xüsusi brifinqlər keçirilir. Pakistan isə bəyan edib ki, istənilən mümkün hücuma qarşı qətiyyətli cavab verməyə hazırdır.
Bu böhran, Cənubi Asiyada sülh və sabitlik üçün ciddi təhlükə yaradır. Suyun siyasi alətə çevrilməsi təkcə bu iki ölkəni deyil, bütün regionu daha dərin fəlakətə sürükləyə bilər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта