Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdə muzeylərdə “açıq qapı” elan olunacaq.
Publika.az xəbər verir ki, ölkəmizdə bu əlamətdar günlə əlaqədar Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə çoxsaylı tədbirlər keçiriləcək.
Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.
Həmçinin mayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı olacaq.
Əzim Əzimzadənin ev-muzeyi və Məmməd Səid Ordubadinin xatirə muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunacaq. “Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin Mənzil-Muzeyində açıq havada ustad dərsləri təşkil olunacaq, sərgi nümayiş etdiriləcək.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü ərəfəsində silsilə tədbirlər təşkil olunub. 13-17 may tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani – 200” layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici tədbirlər keçirilib. Azərbaycan və rus dillərində keçirilən proqram çərçivəsində XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illiyinə həsr edilmiş mühazirə və təqdimat olub. Tematik və interaktiv ekskursiyalarda uşaqlar M.Q.İrəvaninin ekspozisiyada yer alan əsərləri ilə tanış olub, ustad dərslərində rəssamın əsərlərini imitasiya ediblər.
AMİM-in “Muzeydə kino” layihəsi çərçivəsində mayın 17-də M.Q.İrəvaninin 200 illiyinə həsr olunan "Cənnət yuxusu" bədii-sənədli filmi nümayiş etdirilib.
Mayın 17-də Abdulla Şaiqin mənzil-muzeyində “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində müasir dövrdə uşaqların maraqlarına və inkişaf ehtiyaclarına uyğun şəkildə muzeylərin təlim-tərbiyə prosesinə cəlb edilməsi ilə bağlı çıxışlar dinlənilib. Musiqi nömrələri təqdim olunub, qiraətçilərin ifasında şeirlər səsləndirilib.
Həmin gün Bülbülün Memorial Muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi şagirdlərinin ifasında “Caz saatı” adlı konsert proqramı təqdim olunub.