“Fireland” Azərbaycanlılar Birliyi Brüssel şəhərində hər il ənənəvi keçirilən “Tervuren” festivalında Azərbaycan stendi ilə iştirak edib.
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə hazırlanan stendə əcnəbilərə Azərbaycana aid müxtəlif mövzularda məlumatlar verilib.
Azərbaycan musiqi alətləri, musiqisi, tarixi abidələri, milli rəqsləri və milli geyimləri iştirakçıların marağına səbəb olub. Fireland rəqs qrupunun, həmçinin Belçikada təhsil alan azərbaycanlı gənclərin rəqs nömrələri böyük maraqla qarşılanıb.
Stendin bir hissəsində isə Azərbaycan mətbəxi və içkiləri qonaqlara təqdim olunun. Samovar çayı, feyxoa, heyva və zoğal kompotları, o cümlədən Azərbaycan şərabları iştirakçıların stendə marağını daha da artırıb. İştirakçıların əksəriyyəti bu dadların onlar üçün yenilik olduğunu vurğulayıb.
Müxtəlif mövzulu paylama materialları, Azərbaycan musiqisi, milli rəqslər və təamlar sayəsində Azərbaycan stendini ən çox izlənən stend olub. Tədbirin təhlükəszilik işlərinə nəzarət edən polis idarəsi sonda təşkilatçılara “ən çox izlənən stend Azərbaycan stendi oldu, dəfələrlə izdihamın səbəbini öyrənmək üçün stendinizə yaxınlaşmalı olduq” - deyə bildirib.
Qeyd edək ki, “Tervuren” festivalı hər il may ayında Brüssel şəhərində keçirilir. Festivalda Brüssel və ətrafındakı şəhərlərdən müxtəlif ictimai, mədəni və diaspora təşkilatlardan yüzlərlə stendlər quraşdırılır. Artıq iki ildir ki, Fireland Azərbaycanlılar Birliyi bu festivalda Azərbaycan stendi ilə iştirak edir.