Brüssel, 6 may, AZƏRTAC
“Fireland” Azərbaycanlılar Birliyi Brüssel şəhərində hər il ənənəvi keçirilən “Tervuren” festivalında Azərbaycan stendi ilə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Belçika Krallığındakı səfirliyimizin dəstəyi ilə hazırlanan stendə əcnəbilərə Azərbaycana aid müxtəlif mövzularda məlumatlar verilib.
“Fireland” rəqs qrupunun və həmçinin Belçikada təhsil alan azərbaycanlı gənclərin rəqs nömrələri böyük maraqla qarşılanıb, festival iştirakçılarının da rəqs etməsinə səbəb olub.
Stendin bir hissəsində isə Azərbaycan mətbəxi və içkiləri qonaqlara təqdim olunub. Samovar çayı, feyxoa, heyva və zoğal kompotları, o cümlədən Azərbaycan şərabları iştirakçıların stendə marağını daha da artırıb. İştirakçıların əksəriyyəti bu dadların onlar üçün yenilik olduğunu vurğulayıblar.
Müxtəlif mövzulu bukletlər, Azərbaycan musiqisi, milli rəqslər və təamlar Azərbaycan stendini ən çox izlənən stend etmişdir. Tədbirin təhlükəszilik işlərinə nəzarət edən polis idarəsi sonda təşkilatçılara “ən çox izlənən stend Azərbaycan stendi oldu, dəfələrlə izdihamın səbəbini öyrənmək üçün stendinizə yaxınlaşmalı olduq”, - deyə bildiriblər.
Qeyd edək ki, “Tervuren” festivalı hər il may ayında Brüssel şəhərində keçirilir. Festivalda Brüssel və ətrafındakı şəhərlərdən müxtəlif ictimai, mədəni və diaspor təşkilatlardan yüzlərlə stendlər quraşdırılır. Artıq iki ildir ki, “Fireland” Azərbaycanlılar Birliyi bu festivalda Azərbaycan stendi ilə iştirak edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel