EN

“Bura kiminsə gücünə gəlməmişik” – Elmar Baxşıyev

“Bizim üçün ağır oyun alındı. Kubokdan sonra 3 gün vaxtımız var idi. Komanda olaraq son oyunları 4-5 gündən bir oynadığımıza görə bu gün meydanda dinamika baxımından çox aşağı səviyyədə oyun göstərdik. Amma çempionatın sonudur. Ümid edirik ki, yaxşı dincəlib, rəqibləri analiz edib, oyunlara hazırlaşacağıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXXII turunun “Səbail”lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Komanda qol vurur, amma bundan sonra sanki geri çəkilir. Bu da bir neçə dəfə olub. Nə ilə bağlıdır? 

– Komandaya tapşırıq olmur ki, sırf müdafiədə otursun. Futbolçuları da başa düşürük, onlar ağır tsikldə oynayırlar. Heyətimiz geniş deyil. Çox rotasiyalara gedə bilmirdik. Futbolçularımın göstərdiyi oyunu da kiçiltmək niyyətində deyilik. Komandamıza yenə də inanırıq. Qarşıdakı matçlarda daha dinamik və sanballı “Araz-Naxçıvan” görəcəyimizə inanıram.

– Kubok əldən çıxdı, demək olar ki, turnir cədvəlində ikinci yeri tutmaq şansını da itirirsiniz…

– Komanda mövsüm ərzində əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Ancaq komanda şəklində daha artığını etməliyik ki, istədiyimiz hədəfə çataq.

– “Turan Tovuz”un ardıcıl xal itkiləri sizi nə dərəcədə motivasiya edir? Hədsiz arxayınlıq verir?

– Xeyr. Komandanı rəqiblərdən yox, özümüzdən asılı etməyə çalışırıq.

– Əvvəlki dövrələrdə qazandığınız qələbələr sizi hələlik xilas edir. Çünki statistikaya baxsaq, Premyer Liqada son 12 matçda cəmi 1 qələbəniz var. Bunu nə ilə izah etmək olar?

– Xilas edir deyəndə, o qələbələri də kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaqlaşırsan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır.

– Zaman-zaman hakimliklə bağlı gileyiniz, şikayətiniz olur. Ara-sıra mətbuata da söz atırsınız. “Araz-Naxçıvan” ilk “6-lıq”da qərarlaşan komandalar arasında ən az qol vurandır. Hakimlərin bəzi oyunlarda səhvlərini görürük. Futbolçularınızın az qol vurmasının səbəbi nədir?

– Oyunlar olub ki, bəlkə də 6-7 qol vura bilərdik. Sadəcə, realizədə bir az axsama var. Komandanın sırf az qol vurduğu da sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq. Mənim söz atmağıma gəlincə, siz fərqli düşünürsünüz. Mən heç kimə söz atmıram. Sadəcə, bəzən reallığı çox adam görmək istəmir. Əgər keçən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Bizim gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar.

Chosen
5
5
msport.az

7Sources