AZ

Elmar Baxşıyev: “Mən heç kimə söz atmıram, amma…”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 32-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün ağır oyun alındı. Kubokdan sonra 3 gün vaxtımız var idi. Son oyunları 4-5 gündən bir keçirdiyimizə görə bu gün meydanda dinamika baxımından çox aşağı səviyyədə performans göstərdik. Amma çempionatın sonudur. Ümid edirik ki, qarşıdakı matçlara daha yaxşı dincəlib, daha yaxşı hazırlaşacağıq.

Futbolçuları da başa düşürük, onlar ağır tsikldə oynayırdılar. Heyətimiz də geniş deyil. Çox da rotasiyalara gedə bilmirdik. Futbolçularımın göstərdiyi oyunu da kiçiltmək niyyətində deyiləm. Komandama yenə də inanıram. Qarşıdakı matçlarda daha dinamik, daha sanballı “Araz-Naxçıvan” görəcəyimizə inanıram”.

Elmar Baxşıyev komandasının bürünc medalları qazanıb-qazanmayacağına nə dərəcədə inandıqlarına dair sualı isə belə cavablandırıb:

“Komanda mövsüm ərzində çox əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Ancaq istədiyimiz hədəfə çatmaq üçün komanda şəklində daha artığını etməliyik”.

Elmar Baxşıyev “Araz-Naxçıvan”ın Premyer Liqada son 12 matçda cəmi 1 qələbəsinin olmasına da münasibət bildirib:

“Əvvəlki qələbələri də kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaq durursan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır”.

Elmar Baxşıyev “Qarabağ”la oyunda hakim haqsızlığını bir daha qabartdı

“Araz-Naxçıvan”ın baş məşqçisi son vaxtlar hakimlikdən çox şikayətlənməsinə dair sualı isə belə cavablayıb:

“Oyunlar olub ki, bəlkə də 6-7 qol vura bilərik. Sadəcə, epizodları dəyərləndirməklə bağlı bir az axsama var. Komandanın sırf az qol vurması isə sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq. Mənim hakimlərə söz atmağıma gəlincə, siz fərqli düşünürsünüz. Mən heç kimə söz atmıram. Sadəcə, bəzən reallığı çox adam görmək istəmir. Ötən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Bizim gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar”, deyə Elmar Baxşıyev düşüncələrini bölüşüb.

Elvin Məmmədov: “Bizim qol epizodlarımız daha çox idi”

“Səbail”in baş məşqçisi Elvin Məmmədov isə heç-heçəyə belə şərh verib:

“Çətin oyun olacağını bilirdik. Rəqibin keyfiyyətinə bələdik. Turnir cədvəlində yuxarı pillədə qərarlaşıblar. Futbolçularım əzmkar mübarizə apardılar. Son dəqiqələrdə ikinci qolumuzu vursaydıq, qələbəni qeyd edə bilərdik. Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma bu gün bizim qol epizodlarımız daha çox idi. Son dəqiqələrdə Madi Keta epizodu dəyərləndirə bilsəydi, üç xal qazansaydıq, daha gözəl olardı. Şükürlər olsun ki, uduzmadıq. Qarşıdakı görüşləri düşünüb, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

Hər bir oyun bizim üçün çətindir. Qarşıdakı turda “Şamaxı” ilə oyunumuz var. Ayxan Abbasovun komandası həm fiziki, həm də taktiki cəhətdən hazırdır. Yalnız pozitiv danışaraq bu durumdan çıxa bilərik. Biz ümidimizi itirmirik. Qarşıda 4 oyun var, hər şey ola bilər. Niyə olmasın? Biz futbolçulara güvən verməliyik ki, onların sayəsində bu durumdan çıxaq. Biz ümidliyik. Sona qədər mübarizə aparacağıq”.

Seçilən
4
1
arena.az

7Mənbələr