AZ

“Ermənistan anlayır ki, artıqRusiya onun üçün əvvəlki kimi havadar olmayacaq.”— ÖZƏL

Azərbaycan və Ermənistanın "İbrahim sazişləri"nə qoşulması  təklifi  ilə  bağlı  məsələyə  münasibət  bildirən  politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında deyib ki,  Azərbaycanın "İbrahim" Sazişlərinə qoşulma məsələsi ilk dəfə gündəmə gəlmir. Ermənistanla bağlı iddialar da ilk dəfə səslənmir. Lakin bu məsələyə iddiaların ortaya çıxdığı ilk gündən baxdıqda görünür ki, nədənsə bu məsələ geniş şəkildə qabardılmır və haqqında dərin təhlillər verilmir:" Bu isə onu göstərir ki, Azərbaycan və Ermənistan tərəfi bu məsələyə eyni nöqteyi-nəzərdən yanaşaraq dərk edirlər ki, "İbrahim  Sazişləri"nə qoşulma onların regional münasibətlərində müəyyən problemlərə səbəb ola bilər. Ermənistanın hazırkı  xarici siyasətində əsas prioritetlərdən biri İranla münasibətləri qoruyub saxlamaqdır. Ermənistan anlayır ki, artıq Rusiya onun üçün əvvəlki kimi havadar olmayacaq. Bu vəziyyətin arxasında bir sıra faktorlar dayanır. Hərçənd onların təhlili üçün əlavə vaxt tələb olunsa da, aydındır ki, həm subyektiv, həm də obyektiv səbəblərə görə Rusiya Ermənistana artıq əvvəlki dövrlərdəki kimi güclü dəstək verməyəcək. Paralel olaraq, ermənilər görürlər ki, Qərbi Avropa və ABŞ kimi güclü dövlətlər regiona çox uzaqdır və onların hərbi və ya təhsil imkanlarından istifadə etmək real baxımdan çətindir.
Amma İran  Ermənistanın birbaşa sərhəd qonşusudur. Eyni zamanda, bu ölkə uzun illər ərzində hüquqi və qeyri-hüquqi çərçivədə Ermənistana dəstək göstərib, havadarlıq edib. Bu baxımdan Ermənistan "İbrahim Sazişləri"nə qoşulmaqla İranı qıcıqlandırmaq və ondan uzaqlaşmaq istəmir.
Azərbaycan da İranla münasibətlərinə xüsusi önəm verir. Çünki hər nə qədər ziddiyyətli məqamlar olsa da, iki ölkə sərhəd qonşusudur. Bu sərhəddə qarşılıqlı təhlükə yaratmaq hər iki tərəf üçün əlavə problemlər və gərginliklər doğura bilər. Amma məsələ bununla məhdudlaşmır. Burada  Rusiya faktoru da var, Türkiyə faktoru da var. Xarici siyasətdə hər bir addım atılarkən məsələ çoxşaxəli şəkildə təhlil olunmalıdır. Risklər və faydalar dərin təhlil edilməli, veriləcək qərarın müsbət və mənfi nəticələri düzgün şəkildə qiymətləndirilməlidir. Məsələn, əgər iddia edilir ki, "İbrahim Sazişləri"  Azərbaycanın təhlükəsizliyi baxımından mühüm rol oynaya bilər, bu zaman ABŞ-ın tətbiq etdiyi "907-ci düzəliş" də gündəmə gələ bilər. Əgər bu düzəliş ləğv olunarsa, Azərbaycan ABŞ-ın hərbi texniki imkanlarından istifadə edərək bu sahədə yeni nailiyyətlər əldə edə bilər.
Lakin baxaq görək, bu gün  Azərbaycanın təhlükəsizlik baxımından özünü sığortalamaq üçün "İbrahim Sazişləri"ndən daha effektiv alternativləri varmı? Şübhəsiz ki, var. Azərbaycan Çin, ABŞ, Qərbi Avropa ölkələri, İtaliya, İran, Rusiya və digər əsas və qeyri-əsas güc mərkəzləri ilə geniş əlaqələr qurub. Bu da Azərbaycanın bu dövlətlər tərəfindən təhdid olunma riskini azaldır.Üstəlik, Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi kimi razılaşması var. Bu bəyannaməyə əsasən, tərəflərdən birinin təhlükəsizliyi təhdid olunarsa, digər tərəf tam dəstək göstərməyə borcludur. Bu da Azərbaycanın təhlükəsizliyini təmin edən mühüm amillərdən biridir.
Bütün bunlar onu göstərir ki, "İbrahim Sazişləri"nə qoşulmaq Azərbaycana müəyyən üstünlüklər vəd etsə də, bu addım həyati əhəmiyyətli dəyişikliklərə səbəb olmaya bilər. Eyni zamanda, iqtisadi, siyasi və digər sahələrdə də bu məsələ hərtərəfli təhlil edilməli, alternativlər dəyərləndirilməlidir.
Bu gün Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünün Orta Dəhliz layihəsində əsas tərəflərdən birinə çevrilməkdədir. Azərbaycan təkcə ikitərəfli deyil, çoxtərəfli münasibətlər sistemini də uğurla formalaşdırır. Bu da ölkəyə iqtisadi cəhətdən ciddi faydalar gətirib və gələcəkdə də bu dinamika davam etməkdədir.Türkiyə, İtaliya, Avropa ölkələri, Çin, Rusiya və İranla qurulan iqtisadi əlaqələr, ticarət əməkdaşlıqları da göstərir ki, Azərbaycan öz balanslaşdırılmış siyasəti ilə bütün tərəflərlə qarşılıqlı faydalı münasibətlər qurub və bu siyasət onun milli maraqlarını təmin edir.Bununla belə, "İbrahim Sazişləri" məsələsini tamamilə kənara qoymaq da doğru deyil. Bu sazişlərə qoşulma nəticəsində ABŞ-la münasibətlərin istiləşməsi, hərbi-texniki və iqtisadi sahələrdə yeni imkanların yaranması mümkündür. ABŞ hələ də dünyanın ən güclü dövləti olaraq qalır. Onunla sıx münasibətlər qurmaq Azərbaycan üçün müəyyən müstəsna üstünlüklər yarada bilər.Eyni zamanda, Azərbaycan İsrailin hərbi sənayesindən artıq faydalanır. Bu sazişlər nəticəsində həmin imkanlar daha da genişlənə bilər. Lakin bütün bu imkanların fonunda risklər də düzgün qiymətləndirilməlidir. Risklər təkcə İranla məhdudlaşmır.
Rusiyanın bu məsələ ilə bağlı münasibəti də birmənalı olmayacaq. Son dövrlərdə Rusiya anti-Azərbaycan mövqeyi sərgiləyərək siyasi təzyiqlərini artırmağa cəhd edir. İbrahim Sazişləri kimi bir addımı Rusiya öz lehinə yeni fürsət kimi qiymətləndirə bilər.
Ən vacib məsələlərdən biri isə Türkiyə ilə münasibətlərdir. İsrail-Türkiyə əlaqələrindəki gərginlik fonunda Azərbaycan belə bir qərar verərkən Türkiyənin mövqeyini nəzərə almalıdır. Çünki Azərbaycanın xarici siyasətində əsas reallıqlardan biri Türkiyə ilə olan strateji müttəfiqlik və qardaşlıq münasibətləridir. Bu münasibətlər nə vaxtsa ikinci plana keçirilə bilməz.Qarabağın azad edilməsində, beynəlxalq tribunalarda Azərbaycanın müdafiəsində və digər bir çox məsələdə əsas dəstək məhz Türkiyədən gəlib. Bu gün "İbrahim Sazişləri"nə qoşulmaq Türkiyə tərəfindən necə qarşılanacaq? Bu da dərindən təhlil olunmalı məsələdir.
Bütün bu aspektlər nəzərə alındıqdan sonra sual yaranır: Azərbaycan "İbrahim Sazişləri"nə qoşulmalıdırmı? Bu addım faydalıdırmı, yoxsa risklər daha ağır basır? Bu suallara aydın və əsaslandırılmış cavab tapıldıqdan sonra məsələ ilə bağlı daha dəqiq və adekvat mövqe formalaşdırmaq mümkün olacaq."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
50
olaylar.az

10Mənbələr