AZ

Bill Qeytsin XEYRİYYƏÇİLİK OYUNU – Yardım fondlarına “ayrılan” milyardların SONRAKI AQİBƏTİ

Xəbər verdiyimiz kimi, transmilli “Microsoft” korporasiyasının yaradıcılarından biri Bill Qeyts 20 il ərzində bütün sərvətini xeyriyyəçilik üçün xərcləyəcəyini açıqlayıb. Qeyts Fondu 2045-ci il dekabrın 31-də bağlanacaq. Fond bu müddət ərzində 200 milyard dollardan çox vəsait xərcləməlidir.

Hazırda Qeytsin sərvəti təxminən 168 milyard dollar qiymətləndirilir. Bill Qeyts belə izah edib ki, qərarı sahibkar Endryu Karneqinin sitatından ilham alaraq verib:
 

MÖVZU İLƏ BAĞLI:

Bill Qeyts xeyriyyəçilik fəaliyyətini genişləndirəcəyini ELAN ETDİ


“Varlanan adam rüsvay olaraq ölür”.

"Buna görə də mən pulumu cəmiyyətə əvvəlcə planlaşdırdığımdan daha tez qaytarmaq qərarına gəldim", - deyə milyarder bildirib.

Maraqlıdır ki, milyarder “Financial Times” qəzetinə müsahibəsində öz qərarının izahını verməklə yanaşı digər milyarder İlon Mask haqqında bəzi fikirlər səsləndirib. O, Maskın rəhbərlik etdiyi DOGE-i ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaqda günahlandırıb:

“Həyati əhəmiyyət kəsb edən qida və dərman anbarlarda xarab olur. Bu, HİV və poliomielit kimi xəstəliklərin yenidən canlanmasına səbəb ola bilər. Dünyanın ən varlı adamının dünyanın ən kasıb uşaqlarını öldürməsi mənzərəsi heç də gözəl deyil".

Nəzərə alaq ki, bu, Qeyts və Maskın xeyriyyəçiliklə bağlı ilk toqquşması deyil. Məlumdur ki, 2012-ci ildə Amerikanın  onlarla milyarderi sərvətlərinin ən azı yarısını bağışlamağa söz verdi. Hətta bununla bağlı "Giving Pledge" imzaladı. Mask isə o zaman bu addımı “boş şey” hesab etdiyini bildirdi. “Microsoft”un həmtəsisçisinin sözlərinə görə, Donald Trampın ən yaxın müttəfiqi USAID-in işini başa düşmür.
 

Qeyd edək ki, “Giving Pledge”ə son 13 ildə dünyanın 25 ölkəsindən 220 milyarder and içib. Müqayisə üçün qeyd edək ki, hazırda ABŞ-da 600-dən bir qədər çox, dünyada isə 2000-dən çox milyarder var.


Milyarderlər doğrudanmı öz varidatlarını yetim və xəstə uşaqlara bağışlayırlar?

Çox təəssüf ki, dünyanın məşhur xeyriyyə fondlarını göz önünə gətirəndə bu suala müsbət cavab vermək olduqca çətinləşir. Tarixi təcrübə göstərir ki, istənilən xeyriyyə fondu siyasi məqsədlər üçün qurulur. Ancaq qlobal güclərin maraqlarına xidmət edir. Ona görə də milyarderlər öz vəsaitlərini xeyriyyə fondlarına könüllü yox, zorla “bağışlayırlar”.

Məsələn, ABŞ-dan olan milyarder Maykl Milken vaxtilə istiqraz bazarının banisi hesab olunurdu. Necə oldusa, 1990-cı ildə o, 10 il müddətinə azadlıqdan məhrum edildi. İki il sonra isə sərbəst buraxıldı. Çox qəribədir ki, Milken azadlığa çıxandan sonra bütün sərvətini xeyriyyə fondlarına bağışladı.

Digər maraqlı detal...

Mərhum Jeffrey Epstein və ya Sackler ailəsi  xeyriyyəçilik aksiyalarına qoşulmaqdan imtina etmişdilər. Əvəzində isə ABŞ-da prokurorlar onları narkotikdən asılı olan qurbanlara milyardlarla dollar ödəməyə məcbur etdi. Bu azmış kimi bir sıra muzeylər, o cümlədən Luvr və Londonun Serpentine Qalereyası - "Sackler" adını daşıyan lövhələri nümayiş etdirməkdən imtina etdi.
 

Digər tərəfdən, “Amazon”un qurucusu Ceff Bezos kimi bəzi böyük milyarderlər heç vaxt “Giving Pledge” imzalamayıblar. Lakin 2020-ci ildə o, öz Bezos Yer Fonduna 10 milyard dollar bağışladı. Bu isə ABŞ-da ciddi tənqidlərə məruz qaldı.


Bu da onu göstərir ki, ABŞ-da xeyriyyəçilik heç də könüllü deyil, məcburiyyətdir. Ən maraqlısı da odur ki, xeyriyyə yardımları qeyri-rəsmi müəyyən edilən fondlara köçürülür. Vəsaitlərin sonrakı taleyi isə çoxları üçün sirr olaraq qalır. Doğrudur, gözdən pərdə asmaq üçün bəzi fondlar xırda xeyriyyə işləri görür. Amma əsas vəsait qlobal güclərin maraqlarına xidmət edir.

Soros fondunun və yaxud USAİD-in fəaliyyətini göz önünə gətirsək, hər şey aydın görünər. Məlum olduğu kimi bu fondlar ancaq siyasi sifarişlər həyata keçirirdi. Hansısa ölkədə rəngli inqilab etmək lazım gələndə ortaya Soros fondu və yaxud USAİD düşürdü.

“Giving USA, 2018”in illik milli hesabatına görə, 2017-ci ildə ABŞ-da ianələrin ümumi məbləği 410 milyard dollar olaraq qiymətləndirilib.

Dünyanın ən varlı adamı olan İlon Mask “Giving Pledge” imzalasa da, dünyanın ən səxavətli 50 insanı sırasına düşə bilməyib. Onun ömür boyu verdiyi ianələr sərvətinin təxminən 0,05%-ni təşkil edirdi. 2021-ci ildə “Giving Pledge” imzalayan sonuncu şəxs Kakao internet şirkətinin qurucusu Cənubi Koreyalı milyarder Kim Bum-Soo olub.

Fondların reytinqini niyə müəyyən etmək olmur?
 

Nəzərə alaq ki, Birləşmiş Ştatlarda xeyriyyəçiliyin qiymətləndirilməsi ilə məşğul olan bir çox təşkilatlar var. Onlar hər il qeyri-kommersiya sektorunun liderlərinin reytinqini tərtib edirlər. Bununla belə, hər il bu xeyriyyə təşkilatlarından hansının ən yaxşısı olduğunu müəyyən etmək çox çətinləşir.


Məsələn, “American Institute of Philanthropy” və ya “Charity Watch” xeyriyyəçilərin maliyyə sənədlərinin qiymətləndirilməsi əsasında reytinq tərtib edir. Tapıntılara əsasən, fondlara A+ (ən yaxşı)-dan F (ən pis) qədər reytinq verilir. Başqa bir nüfuzlu Amerika qiymətləndiricisi “Charity Navigator” təkcə maliyyə fəaliyyətini deyil, həm də hesabatların, o cümlədən vergi hesabatlarının şəffaflığını təhlil edir. IRS Form 990 (Daxili Gəlir Xidməti, vergi hesabatı forması) düzgün doldurulmasına xüsusi diqqət yetirilir.

Mütəxəssislərin fikrincə fondların əməliyyat fəaliyyəti şəffaf deyil.

Fondlar pulları  müxtəlif yollarla toplayırlar. Ona görə də bütün fondları bir-biri ilə müqayisə etmək üçün vahid meyar yoxdur. Bəzi QHT-lər ianələr hesabına, o cümlədən onlayn platformalar vasitəsilə dolanır, digərləri milyarder təsisçilərdən və ya donorlardan kömək alır. Bəziləri ildə alınan ianələrin məbləğini, digərləri isə fondun ümumi gəlirinin məbləğini göstərir.

Xeyriyyə fondlarının və QHT-lərin fəaliyyətindəki qeyri-şəffaflıq da təsadüfi deyil. Bu məqsədli şəkildə edilir ki, vəsaitlərin hara və nə məqsədlə ötürüldüyünü heç kim müəyyən edə bilməsin.

Əlbəttə ki, bütün fondların və QHT-lərin fəaliyyətini tənzimləyən bir “əl” var. Bu görünməz “əl” məcburi şəkildə toplanan milyardların hesabatını çox dəqiqliklə aparır.

Bu da o deməkdir ki, Amerikada təsis edilən “Giving Pledge” sıradan bir xeyriyyə dərnəyi deyil. Bu dünyanın sosial-iqtisadi mənzərəsini cızan nəhəng bir təsisatdır. Bu təsisat isə milyarderlərdən və milyonçulardan toplanan nəhəng vəsait hesabına fəaliyyət göstərir.
 

Belə fondların digər hədəfi odur ki, milyarderlərin sərvətlərin onların ölümündən sonra təsadüfi adamların əlinə düşməsin. Ən əsası dövlətin dəstəyi və xeyir-duası ilə milyarder olanlar ölümlərindən sonra qazandıqları vəsaiti yenidən dövlətə qaytarırlar.


Ona görə də 70 yaşlı Bill Qeyts bu gün sərvətlərinin xeyriyyə fondlarına bağışlayacağından daha çox danışır. Demək, “dərin dövlət”lə “halallaşmaq” zamanı yetişib.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
23
bizim.media

10Mənbələr