AZ

Sabah İstanbulda nə baş verəcək? - Donald Tramp gəlmək üçün şərt qoydu - MÜSAHİBƏ

BAKI, 30 aprel. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, bir müddət öncə Səudiyyə Ərəbistanında amerikalı və rusiyalı diplomatlar Ukrayna mövzusunu müzakirə etmişdilər. Konkret nəticələr olmasa da, mövqelərin uzlaşması baxımından təsirli olduğu açıqlanmışdı. Bu dəfə isə tərəflər Səudiyyə Ərəbistanını deyil, Türkiyəni seçdi. Bir görüş tərəflərin sazişi imzalamağa yaxın olmaları ilə izah olunur. Bu baxımdan 15 maydakı görüşdən gözləntilər nədən ibarətdir?

- Bu görüşün nəticəsi olaraq hansısa kritik qərarların olacağı ehtimalı azdır. Kritik qərarları əldə etmək üçün hazırlıq olmalıdır. Çünki elə-belə gəlib görüşüb, dərhal nəsə həll edib, qərarlar verilmir. İndiki situasiyada problemlər fərqlidir. Ukrayna hansısa sülhlə bağlı şərtlər irəli sürürdü. Ağ Evdə baş vermiş qalmaqal da məhz bununla bağlı idi. İndi isə Rusiya eyni mövqe sərgiləyir. Şərtlər olan yerdə isə razılıq əldə etmək mümkün deyil. Ona görə də burada mümkün variant atəşkəs rejiminin tətbiqidir. Atəşkəsə də bu və ya digər formada nail olmaq olar. Digər məsələlər danışıqlar tələb edir. Əslində, danışıqlar olsa da, onları həll etmək mümkün deyil. Hərbi müstəvidə həll olunmayan məsələni şərt kimi hansısa tərəf qəbul etməyəcək. Əsas çətinlik bununla bağlıdır.

- Rusiya Prezidenti Vladimir Putinin bu görüşə qatılmaq ehtimalı varmı?

- Bu ehtimal əslində çox azdır. Putin İstanbuldakı görüşə qatılsa, Tramp da qoşulacaq. Ola bilsin Putin oraya kimisə göndərib ki, Zelenskini aşağılamağa çalışsın. O, İstanbula gəlməsə, Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirakı mənasız olacaq. Digər tərəfdən bu mövzulara aid mənzərə tam aydın deyil. Bu halda isə tərəflər arasında yüksək səviyyədə görüşün baş tutması sual altındadır.

- Amma Putin özü Türkiyədə bu görüşün baş tutmasında maraqlı olduğunu açıqlamışdı. Hətta buna görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan xahiş edəcəyini bildirmişdi…

- Burada işin mahiyyəti kənara atılaraq, hər tərəf özünü qalib kimi göstərməyə çalışması ilə bağlıdır. Putin də Moskvada təntənəli parad keçirərək özünü qalib tərəf kimi göstərmək iddiasında idi. Sözsüz ki, qalib tərəf şərtlər qoyur. Zelenski isə şərtləri qəbul edən deyil. İndi məhz belə bir düyün yaranıb.

- Rusiya liderini yola gətirmək üçün təzyiqlərin olması ehtimalı varmı?

- Ona təzyiq edilsə, İstanbul görüşünə də qatıla bilər. Təzyiq olmasa gəlməyəcək. İndi Rusiya və Ukrayna özünü qalib tərəf kimi təqdim etsə də, reallıq başqadır. Rusiya təcrid edilib və bu da onun üçün çətinliklər yaradıb. Müharibəni davam etdirmək üçün yeni səfərbərlik və digər addımlar atılmalıdır. Ukrayna da vəziyyət acınacaqlıdır. Tramp də tərəflərə məhz bu mesajı verir ki, siz bundan sonra müharibəni davam etdirə bilməyəcəksiniz.

- Bu arada PKK-nın silah buraxmağa hazır olduğunu açıqlaması Türkiyənin digər müstəvilərdəki siyasətinə necə təsir edə bilər? PKK-nın silahı buraxmağa hazır olmasını rəsmən elan etməsi son dərəcə ciddi hadisə kimi dəyərləndirilir, AKP-MHP birliyinin bunu da bacardığı vurğulanır. Bununla da Qərbin, Rusiyanın və digərlərinin əlindən Türkiyəni zəif görmək üçün ciddi bir təzyiq vasitəsinin də geri alındığı söylənilir…

- Bu sözsüz ki, Türkiyənin uğuru, qələbəsidir. Çünki PKK-nın fəaliyyətini təmin edən xarici qüvvələr idi. Artıq ABŞ öz qoşunlarını Suriyanın şimalından çıxarır. Orada 50-ə yaxın amerika əsgərinin qalacağı deyilir. Digər ölkələr də oradan qoşunlarını çıxaracaqlar. Ümumiyyətlə xarici dəstək olmadan terrorçular fəaliyyətini davam etdirə bilməzlər. Bunu nəzərə alaraq Türkiyə öz milli maraqlarını təmin edib. Demək olar ki, indi Türkiyə də böyük güclərin sırasına qatılıb. Trampın, Putinin İstanbula gözlənilən səfəri də bunu ehtiva edir. Bu artıq Türkiyənin yeni dünya nizamında yer tutmasının təsdiqidir. PKK məsələsi də bunun bir hissəsi idi. Son 20 ildə Türkiyə dünyanın yeni sistemində yer tutmaq üçün hərəkətə keçmişdi. Bu baxımdan artıq qardaş ölkə buna nail olub.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr