Almaniyanın cənubunda, Ştutqartın mərkəzində sürücünün avtomobili bir qrup insanın üzərinə sürməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
"Əvvəlcə üç, sonra altı zərərçəkmişdən söhbət gedirdi. Dəqiq sayı hələ müəyyən edilməyib. Ağır yaralananlar da var", – polis nümayəndəsi nəşrə bildirib.
Hadisə saat 17:50 radələrində (Bakı vaxtı ilə 19:50) Şarlottenştrasse küçəsində, şəhər vağzalının yaxınlığında baş verib. Qara rəngli “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Olay yeri mühasirəyə alınıb.
Bunun qəza olub-olmadığı və ya sürücünün qəsdən hərəkət edib-etmədiyi hələlik bəlli deyil.