AZ

Lamin Yamal “İlin tərəqqisi” mükafatını qazandı

“Barselona”nın yeniyetmə ulduzu Lamin Yamal Madirdə baş tutmuş “Laureus World Sports Awards 2025” təqdimatında mükafatlandırılıb.

Arena.az məlumat verir ki, 17 yaşlı ispaniyalı cinah hücumçusu Yamal “İlin tərəqqisi” mükafatına layiq görülüb.

Müvafiq mükafat, heyətinə məşhur idmançıların daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən təqdim edilir.

Yamal cari mövsümdə “Barselona” büyün yarışlar çərçivəsində uğurlu çıxışında aparıcı oyunçulardan biri olub. Həmçinin yeniyetmə ulduz İspaniya yığması ilə 2024-cü il Avropa Çempionatının qalibi olmaqla, müvafiq yarışı qazanmış ən gənc futbolçu ünvanına sahib olub.

Xatırladaq ki, ötən il mükafat “Real”ın 21 yaşlı ingiltərəli hücumameylli yarımmüdafiəçisi Cud Bellingemə təqdim edilmişdi.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 14 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 97 oyun, 21 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
105
8
arena.az

9Mənbələr