Mərakeş yığmasının mərakeşli baş məşqçisi Valid Reqraqi “Bareselona”nın 17 yaşlı hücumçusu Lamin Yamaldan söhbət açıb.
Arena.az “El Chiringuito” dərgisinə istinadən məlumat verir ki, Reqraqi Yamalla söhbət apardığını, amma yeniyetmə ulduzun özünü ispan sayaraq, tarixi vətəni üçün oynamaqdan imtina etdiyini bildirib:
“Bütün mərakeşlilər bu haqda xəyal edirdilər, mən də cəhdə baş vurdum. Biz onunla əlaqə saxladıq, bu işi müzakirə etdik. Amma o, dedi ki, özünü ispan hiss edir və bizim təklifimizi rədd etdi”, deyə Reqraqi vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 14 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 96 oyun, 21 qol və 30 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.