Son 20 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 il ərzində xalqımızın qarşısında duran ən mühüm problem – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpası məsələsi həll edilmişdir. Hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür. Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. Prezident İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də xalqın taleyində mühüm dönüş yaradan tarixi şəxsiyyət, milli yaddaşda öz imzasını əbədi olaraq həkk etmiş Liderdir. İşğaldan azad olunmuş ərazilərimizdə artıq yeni bir həyat başlayıb. Ağıllı kəndlər salınır, müasir infrastruktur qurulur, yollar, məktəblər, xəstəxanalar, sənaye zonaları ardıcıl şəkildə istifadəyə verilir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu bərpa və quruculuq prosesi, əslində, yeni Azərbaycanın, yenidən doğulan Qarabağın gələcəyinin altına atılan yeni bir imzadır. Müstəqillik Günü ərəfəsində dövlət başçısı İlham Əliyev Laçın rayonuna səfər etdi. Səfər çərçivəsində bərpa-quruculuq işlərinin miqyasını nümayiş etdirən tədbirlərin say tərkibinə diqqət yetirdikdə görülmüş işlərin miqyasını təsəvvür etmək olar. Belə ki, Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin, PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının, Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak etdi. Laçın kanat yolunun təməlini qoydu. Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etdi, bura köçən sakinlərlə görüşdü, onlara evlərin açarlarını təqdim etdi.
Böyük dövlətçilik təfəkkürü, prinsipial mövqeyi və daim yeniləşən strateji baxışı ilə Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, bütün regionun siyasi mənzərəsini formalaşdıran aparıcı liderə çevrilib. Onun hər bir qərarı ölkəmizi daha da yüksəklərə aparır, dövlətçiliyimizi daha da gücləndirir. Bu baxımdan, 28 May Müstəqillik günündə Laçın Beynəlxalq Hava Limanının açılışı, sadəcə, mühüm bir nəqliyyat layihəsi deyil, həm də dövlətimizin gücünün, iradəsinin və strateji baxışının rəmzidir. Çətin dağlıq ərazidə tikilən bu hava limanı – Qayıdışın, İnkişafın və Suverenliyin göylərə yüksələn simvoludur. Laçın səmasında süzülən hər bir təyyarə, əslində, bir xalqın qələbəsini, bir liderin imzasını daşıyır. Laçın Beynəlxalq Hava Limanının istifadə verilməsinin məhz Müstəqillik Gününə təsadüf etməsi özündə mühüm çağırışları birləşdirir. Laçında yaradılan yeni infrastrukturların aşılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mühüm hadisə kimi yadda qaldı. Həmçinin Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Zirvə Görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Bu görüş həm simvolik məkan seçimi ilə, həm də iştirak edən dövlətlərin qarşılıqlı maraqları baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Üçtərəfli görüşün məhz burada keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınmasının mühüm simvoludur.
Cənab Prezident İlham Əliyevin Laçında çıxışı zamanı da xüsusi olaqraq qeyd etdi ki: “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.” Görüş Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında dəyişən güc balansı fonunda Azərbaycan–Türkiyə–Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir. Laçında keçirilən üçtərəfli Zirvə təkcə simvolik hadisə deyil, həm də strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi addımdır. Azərbaycan Prezidenti Türkiyə və Pakistanın 2020-ci il Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Bu iki qardaş ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə regionda ədalətin bərpasına töhfə verdi. Dövlət başçı vurğuladı ki, Azərbaycan da öz növbəsində həmişə Türkiyə və Pakistanın yanında olub, bu da qarşılıqlı etimad və həmrəyliyin təməlini təşkil edir. Beləliklə, qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin sarsılmaz olduğunu göstərməklə yanaşı daha böyük uğurlara yol açacaq mərhələnin əsasını yaratdı. Liderlərin səsləndirdiyi fikirlər onu sübut etdi ki, regionda Azərbaycan, Türkiyə və Pakistan müqayisəolunmaz güc mərkəzidir və istənilən qlobal layihələr bu mərkəzlə razılaşdırılır.
Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamlarında dəqiq ifadə olunub. Prezident İlham Əliyev isə iki dövlət arasındakı qardaşlığı belə ifadə edib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Azərbaycan, Türkiyə və Pakistan sıx ikitərəfli münasibətlər qurduqları kimi, üçtərəfli platformada da əməkdaşlığı genişləndirirlər. Bu baxımdan dost ölkələrin beynəlxalq təşkilatlardakı fəaliyyəti xüsusi diqqət çəkir. Hər üç ölkə beynəlxalq tədbirlərdə koordinasiyalı fəaliyyət ortaya qoyaraq bir-birinin təşəbbüslərinə və haqlı mövqelərinə dəstək nümayiş etdirirlər. Dövlət başçısı cənab İlham Əliyev Laşında görüşdə qeyd edib ki, bu üç ölkəni və xalqı birgə tarix, mədəniyyət və dəyərlər birləşdirir: "Bir-birimizin uğurlarına sevinirik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik".
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri,
akademik Əhliman Əmiraslanov