AZ

"Zirvə görüşü Ermənistana çox ciddi mesajdır" - AÇIQLAMA

Ötən gün Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib. Zirvə görüşündə liderlər dünyaya olduqca vacib mesajlar veriblər.

Zirvə görüşünün əhəmiyyəti ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan-Türkiyə-Pakistan birliyi ənənəvi olaraq bu formatda formalaşıb: “Bu, Azərbaycan üçün çox vacib bir formatdır, çünki onun tərkibində Azərbaycanın siyasi və hərbi müttəfiqi olan Türkiyə, həmçinin ölkəmizin strateji tərəfdaşı olan Pakistan dövləti var.

Uzun müddətdir ki, biz Pakistanla əməkdaşlıq edirik. Unutmaq lazım deyil ki, Pakistan nüvə silahına malik olan yeganə İslam ölkəsidir. 

Dünyada gedən çox mürəkkəb geopolitik hadisələrin fonunda belə bir müttəfiqliyin olması həm üç ölkə, həm də region üçün olduqca vacib məsələdir”, - deyə o qeyd edib.

"Azərbaycan bu məsələyə hərbi yolla cavab verə bilər" - Sabiq nazir

T.Zülfüqarov Türkiyə və Pakistan dövlətlərinin Azərbaycan-Ermənistan sülh prosesindəki mövqeyindən də danışıb: “Biz görürük ki, Ermənistan özünə Azərbaycana qarşı olan yeni müttəfiqlərin axtarışındadır. Vurğulamaq yerinə düşər ki, Hindistan Ermənistana silah satışına görə 1-ci yerə çıxıb. 

Eyni zamanda, bu yaxınlarda baş verən Hindistan-Pakistan hərbi toqquşması onu göstərir ki, Pakistanın müdafiə imkanları çox yüksək səviyyədədir. Məlum olduğu kimi, Azərbaycan hərbi hava qüvvələri üçün Pakistan və Çinlə “JF-17” təyyarələrinin alınması ilə bağlı müqavilə imzalayıb.

Hindsitan isə Ermənistanla bir çox məsələlərdə hərbi əməkdaşlığı genişləndirir. Ermənistan Hindistanda istehsal olunan qırıcı təyyarələri də almaq niyyətindədir. Həmin təyyarələr ki, Pakistan-Hindistan hərbi toqquşması zamanı bir neçəsi Pakistan tərəfindən vurulub. 

Sözügedən Zirvə görüşü və orada verilən mesajlar istər-istəməz dolayısı ilə Ermənistana çox ciddi mesajdır. Yəni, Azərbaycanın öz müdafiə imkanlarını genişləndirməsi prosesi davam etdirilir. Ermənistanın ara-sıra səsləndirdiyi revanşist şüarları bizi narahat etsə belə, onlara lazımi şəkildə cavab verməyə hər zaman hazırıq”.

Murad İbrahimli

Seçilən
0
4
unikal.az

10Mənbələr