Bu gün keçiriləcək final oyunu ilə futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşəcək.
Arena.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” komandaları qarşılaşacaqlar.
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutacaq görüşü Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edəcək.
Hər iki komanda finalda ilk dəfə iştirak edəcəklər. 2021/2022-ci illər mövsümündən etibarən təşkil olunan Konfrans Liqasında indiyə qədər üç komanda – “Roma” (İtaliya, 2021/2022), “Vest Hem” (İngiltərə, 2022/2023) və “Olimpiakos” (Yunanıstan, 2023/2024 ) qızıl medalları qazanıb.
Ən çox finala çıxan komanda isə İtaliya təmsilçisi “Fiorentina”dır. Florensiya klubu iki dəfə (2022/2023, 2023/2024) həlledici matçda oynamaq imkanı əldə etsə də, çempionluq sevinci yaşaya bilməyib.
Turnirin tarixində ən çox qol vuran futbolçu Artur Kabraldır. Hazırda Portuqaliyanın “Benfika” klubunun formasını geyinən braziliyalı hücumçu 21 qolla bombardirlər siyahısına başçılıq edir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Konfrans Liqası
Final
28 may
23:00. Betis (İspaniya) – Çelsi (İngiltərə)