AZ

"Şimal-Cənub" dəhlizi və Orta Dəhlizin birləşdirilməsi logistik məhdudiyyətləri azaldacaq - Təhlil Mərkəzi

Orta Dəhliz və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin birləşdirilməsi logistik məhdudiyyətlərin azaldılması və regional dayanıqlığın gücləndirilməsi üçün şərait yaradır.

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı marşrutların məhdud ötürücülük qabiliyyəti fonunda məhz Belarus və Azərbaycan kimi əsas tranzit ölkələri arasında koordinasiya logistik axınların dayanıqlığını və proqnozlaşdırıla bilənliyini təmin edə bilər.

"Bu təşəbbüslərin inklüziv xarakteri və aparıcı oyunçuların iştirakı bütün region üçün ciddi sabitləşdirici amil ola bilər. Belarus və Azərbaycanın artıq birləşmə üçün potensialı var: ölkələri 1 520 mm dəmiryol xətti standartı birləşdirir, ayrı-ayrı sahələrin təkmilləşdirilməsi üzrə layihələr həyata keçirilir, yüksək səviyyəli regional koordinasiya müşahidə olunur", - R.Bayramlı qeyd edib.

Ekspert vurğulayıb ki, hər iki ölkə beynəlxalq təchizat zəncirində iştirakın oxşar parametrlərinə və nəqliyyat infrastrukturunun müqayisə edilə bilən inkişaf səviyyəsinə malikdir: “Bunu Dünya Bankının qiymətləndirmələri də təsdiqləyir”.

O əlavə edib ki, Azərbaycan və Belarus inkişaf etmiş dəmiryol şəbəkəsinə malikdir: "Hər iki ölkə böyük qovşaqları birləşdirən avtomobil yollarını və keçidlərini fəal şəkildə müasirləşdirir. İki ölkə arasında gömrük maneələrinin azaldılması da logistik əlaqələrin gücləndirilməsinə kömək edir".

R.Bayramlının fikrincə, ikitərəfli əməkdaşlığın aktivləşdirilməsi Avrasiya nəqliyyat zəncirlərinə inteqrasiya üçün yeni perspektivlər aça və həm milli, həm də regional səviyyədə iqtisadi inkişafı stimullaşdıra bilər.

Seçilən
0
1
avtosfer.az

10Mənbələr