Azərbaycan və Belarus "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin birləşdirilməsi üçün əhəmiyyətli potensiala malikdir.
"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Bakıda Avrasiya nəqliyyat inteqrasiyasında Azərbaycanın roluna həsr olunmuş Beynəlxalq dəyirmi masada bildirib.
Səfir bildirib ki, bu, Avrasiyanın yeni logistik karkasının formalaşması şəraitində xüsusilə aktualdır: "Belarus və Azərbaycan, tranzit ölkələr kimi unikal coğrafi və iqtisadi şəraitdə yerləşərək "Şimal-Cənub" və "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizlərinin birləşdirilməsi sahəsində qarşılıqlı fəaliyyət üçün əhəmiyyətli potensiala malikdirlər. Belarus üçün bu dəhlizlərin diaqonal marşrutlarının kombinasiyası xüsusilə aktualdır".
Onun sözlərinə görə, iqtisadi aspektlərə xüsusi diqqət yetirilməlidir.
"Burada Azərbaycanın mental çeviklik və multikulturalizm prinsiplərini əhatə edən unikal təcrübəsi vacibdir. Bu, Avrasiyanın logistik karkasının formalaşdıran bütün iştirakçıların maraqları naminə yaranan məsələlərin həlli üçün daha əlverişli şərait yaradır. Əminəm ki, dəyirmi masamız ekspert diplomatiyasının ən səmərəli mexanizmləri sırasına daxil olacaq", - D.Pineviç əlavə edib.