AZ

Kristiano Ronaldo: “Bu fəsil bağlandı…”

“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu və kapitanı, veteran hücumçu Kristiano Ronaldo maraqlı açıqlaması ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, “Kriş” Səudiyyə Ərəbiştanı Peşəkar Liqasının “Əl-Fateh”lə səfər oyununda 2:3 hesablı məğlubiyyətdən sonra özünün “X” sosial şəbəkə hesabı üzərindən maraqlı şərhi ilə azarkeşlərini intizara qərq edib:

“Bu fəsil bitdi. Tarix? Hələ də yazılır. Hamıya minnətdaram”.

Azarkeşlər bu sözlərin ikibaşlı məna verdiyini diqqətdən qaçırmayıblar. Belə bir təxmin irəli sürülür ki, Ronaldo “Əl-Nəsr”də ayrılacaq.

Mənzərə isə belədir:

Ronaldonun hazırda çıxış etdiyi “Əl-Nəsr” FIFA Klub Dünya Kubokunda iştirak etməyəcək. Digər tərəfdən, Səudiyyə Ərəbistanı klubu ilə cari ilin iyun ayınında başa çatacaq müqaviləsini yenilənməsi istiqamətində Ronaldonun apardığı danışıqlar dalana dirənib. “Kriş”in klubunu birdəfəlik dəyişmək ehtimalı da istisna edilmir. Daha əvvəl Ronaldonun “Botafoqo”ya keçərək, klublararası dünya çempionatında iştirak edəcəyi ilə bağlı məlumat yayılıb.

Xatırladaq ki, 2025-ci il FIFA Klub Dünya Kuboku ABŞ-da keçiriləcək və 14 iyun – 13 iyul tarixləri aralığını əhatə edəcək.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümümün 24 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 219 oyuna 136 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Seçilən
0
5
arena.az

10Mənbələr