Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün sonuncu – 34-cü turu çərçivəsində keçirilmiş “Əl-Fateh”lə oyunun iştirakçısı olub.
“Əl-Nəsr” mövsümü 2:3 hesablı məğlubiyyətlə başa vurub. Ronaldo səfərdə baş tutmuş bu oyunda “Nəcd cəngavərləri”nin ilk qoluna imza atıb. 90 dəqiqə meydanda olmuş futbolçu 42-ci dəqiqədə hesabı açıb. Qonaqların digər qolunu Sadio Mane vurub.
34 oyunda 70 xal toplamış “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünü yarış cədvəlinin 3-cü pilləsində başa vurub. “Əl-İttihad” 83 xalla Səudiyyə Ərəbistanı çempionu olub. 75 xala malik “Əl-Hilal” isə gümüş medallara sahib çıxıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo 25 qolla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümümün ən sərrast qolçusu olub. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 219 oyuna 136 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.