Macarıstan hökuməti ilk dəfə olaraq LGBT icmasının Budapeştdə iyunun 1-nə planlaşdırdığı paradı – homofobiya və transfobiyaya qarşı yürüşü – qadağan edib.
Musavat.com xəbər verir ki, Budapeşt polisi qərarını bu ilin aprelində qəbul olunmuş yeni konstitusiya düzəlişi ilə əsaslandırıb. Həmin düzəlişə görə, uşaqların hüquqlarının müdafiəsi ilə ziddiyyət təşkil edən fəaliyyətlər, o cümlədən LGBT tədbirləri məhdudlaşdırıla bilər.
Musavat.com xəbər verir ki, bu qərar Avropa İttifaqında ciddi narazılıq doğurub. Politico nəşri yazır ki, Aİ-nin 14 üzv dövləti Macarıstanın bu addımını pisləyib və Avropa Komissiyasını dərhal hərəkətə keçməyə çağırıb.
Birgə bəyanatı imzalayan ölkələr — Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Portuqaliya, Sloveniya və İsveç – bildirirlər:
“Biz bu hadisələrdən dərin narahatlıq keçiririk və Macarıstan hökumətinə qarşı hüquqi alətlərdən tam istifadə olunmasını istəyirik.”
Avropa diplomatik mənbələrinə görə, bəyanata daha sonra Fransa və Almaniya da qoşulub.
Bəyanatda Brüsselin hansı konkret addımlar atacağı göstərilməsə də, Politico yazır ki, Macarıstana qarşı “müvəqqəti tədbirlərin” – Avropa İttifaqının hökumətlərə qarşı tətbiq etdiyi hüquqi qadağalara bərabər sanksiyaların – tətbiqi müzakirə olunur. Belə bir ssenaridə Budapeştə LGBT paradını keçirməyə icazə verilməsi tələb edilə bilər.
Qeyd edək ki, Macarıstan hökuməti son illərdə LGBT icmasına qarşı sərt qanunlarla gündəmə gəlib və bu, Aİ ilə Budapeşt arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
Musavat.com