"İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərə dair müstəqil tribunalın ilk mərhələsi Bosniya və Herseqovinada start götürüb, yekun qərarlar İstanbulda açıqlanacaq..."
Mayın 26-dan etibarən Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda "Qəzza Tribunalı" adlı beynəlxalq tədbirə start verilib.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu tribunalın məqsədi İsrailin Qəzza bölgəsində törətdiyi hərbi cinayətləri araşdırmaq və bu barədə hüquqi əsaslı qərarlar verməkdir. Tədbirə dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər, hüquq müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri qatılıb. Tribunalın təşəbbüskarı BMT-nin Fələstin üzrə keçmiş xüsusi məruzəçisi Riçard Falkdır.
Mayın 29-dək davam edəcək tribunal çərçivəsində iştirakçılar müstəmləkə soyqırımı, irqi-ayrıseçkilik, əhalinin zorla köçürülməsi, mülki əhalinin müdafiəsi, BMT sisteminin qeyri-effektivliyi və etirazların cinayətləşdirilməsi kimi mövzuları müzakirə edəcək. Tədbirdə "Siyasi realizm və müasir geosiyasət", "Soyqırımın siyasi iqtisadiyyatı" və "Srebrenitsadan Qəzzaya" adlı xüsusi panel diskusiyalar da keçiriləcək.
Tribunalın bütün sessiyaları internet üzərindən canlı yayımlanır və tədbirin sonunda "Sarayevо Bəyannaməsi" qəbul ediləcək. Təşkilatçılar tribunalın hüquqi gücə malik beynəlxalq məhkəmələrə alternativ olmadığını, əksinə, BMT Beynəlxalq Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinə dəstək xarakteri daşıdığını bəyan edib. Onların əsas məqsədi bu qurumların səmərəli fəaliyyətinə töhfə vermək, hüquqi əsaslı nəticələr əldə etmək və beynəlxalq ictimaiyyətdə mövcud böhranla bağlı məlumatlılığı artırmaqdır.
İlkin mərhələsi Londonda 2024-cü ilin noyabrında təşkil olunan bu təşəbbüs İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və ona daxil olan 66 gənclər təşkilatının dəstəyi ilə həyata keçirilir. "Qəzza Tribunalı" beynəlxalq hüquq sistemlərinin ləng fəaliyyəti və siyasi təzyiqlərə qarşı artan narazılığın bir təzahürü kimi qiymətləndirilir. Təşkilatçılar bu tribunalı "insanlıq və vicdan məhkəməsi" kimi təqdim edir.
Tribunalın yekun mərhələsinin 2025-ci ilin oktyabrında İstanbulda keçirilməsi planlaşdırılır. Burada ekspert qrupu şahid ifadələri, Qəzza sakinlərinin bəyanatları və hüquqi təhlillərə əsaslanan yekun qərar və tövsiyələr paketini təqdim edəcək. Bundan əlavə, tribunal çərçivəsində xüsusi qərar və səlahiyyət sənədləri də elan olunacaq. Bu təşəbbüs beynəlxalq hüququn və humanitar prinsiplərin pozulduğu yerlərdə müstəqil və ictimai vicdanlı cavab mexanizmlərinin zəruriliyini bir daha gündəmə gətirir.