AZ

"Rusiya Ukraynaya çoxsaylı dron və raketlə hücum edib" - "Deutsche Welle"

 
"Putin bütöv Ukraynanı işğal edərsə, bu, Rusiyanın süqutu ilə nəticələnəcək..."
 
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, mayın 26-a keçən gecə rusiyalı işğalçılar Ukraynaya çoxsaylı dron və raketlə hücum edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "deutschewelle.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu hücum müharibə başlayandan bəri ən genişmiqyaslısı olub. Rusiya zərbələrindən Ukraynanın bir neçə vilayəti zərər çəkib. Zaporojye vilayətində yaralananlar var.
 
Artıq dördüncü ildir ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə aparan Rusiya, 26 mayın 26-da, bazar ertəsi gecəsi Ukraynaya növbəti dəfə kütləvi şəkildə dronlar və raketlərlə hücum edib. Gecə saatlarında Ukraynanın bütün ərazisində hava həyəcanı elan olunub.
 
Ukrayna Hərbi Hava Qüvvələri Çerkassı, Kiyev və Vinnitsa vilayətlərində Rusiya strateji aviasiyasından buraxılmış raket qrupları və Ukraynanın bir çox bölgələrində Rusiyanın kamikadze dronları barədə məlumat verib. Səhər saatlarında ölkə üzrə hava təhlükəsi ləğv olunub.
 
355 dron və 9 raket
 
Sonradan Hərbi Hava Qüvvələri açıqlayıb ki, hücum zamanı Rusiya ümumilikdə 355 drondan istifadə edib. Dronlar Bryansk, Millerovo, Kursk, Oryol, Şatalovo, Primorsko-Axtarsk şəhərlərindən və ilhaq olunmuş Krımdan buraxılıb. Bundan əlavə, rusiyalılar strateji "Tu-95MS" təyyarələrindən buraxılan 9 ədəd X-101 qanadlı raketdən istifadə edib.
 
İlkin məlumatlara görə, Ukrayna müdafiə qüvvələri bütün raketləri vurub, həmçinin 288 ədəd "Shahed" və digər tipli dronları zərərsizləşdirib. Bu arada Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat AFP-yə müsahibəsində bildirib ki, bu dron hücumu Rusiya tərəfindən müharibənin başlanmasından bəri həyata keçirilən ən genişmiqyaslı hücumdur.
 
Ukraynanın bir neçə vilayətində dağıntılar və xəsarət alanlar var
 
Ukraynanın bir sıra regionlarında zərbələrin nəticələri artıq açıqlanıb. Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Kamenskoe rayonunda yanğın baş verib, Nikopol rayonunda "Qrad" reaktiv yaylım atəşi sistemləri, artilleriya və dronlardan istifadə nəticəsində dağıntılar yaranıb. "Çoxmənzilli və fərdi yaşayış evləri, avtomobillər zədələnib. İnsan itkisi yoxdur", - o, "Telegram kanal"ında yazıb. Bundan başqa, Sinelnikov rayonunda da dağıntılar qeydə alınıb.
 
Xmelnitski vilayət administrasiyasının rəhbəri Sergey Tyurin bildirib ki, bu bölgəyə ardıcıl ikinci gecədir ki, Rusiya tərəfindən kombinə olunmuş hücum həyata keçirilir. "İlkin məlumata görə, mülki əhali arasında xəsarət alan yoxdur. Lakin fərdi evlərə və müəssisələrə ziyan dəyib", - o da "Telegram"da qeyd edib.
 
Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov isə bildirib ki, Rusiya hücumu nəticəsində bu rayonda iki nəfər yaralanıb. "Gecə yarısı düşmən Yurkovka kəndinə zərbə endirib. Fərdi yaşayış evi dağılıb, yaxınlıqdakı evlərə və avtomobillərə ziyan dəyib. 60 yaşlı qadın və 52 yaşlı kişi yaralanıb. Onlara tibbi yardım göstərilib", - Fedorov əlavə edib.
 
Tramp Rusiyanın ən genişmiqyaslı hava hücumuna reaksiya verib
 
Son iki gecə ərzində Rusiya Ukraynaya genişmiqyaslı hava hücumları həyata keçirib. Mayın 25-də gecə Rusiya qoşunları təqribən 300 zərbə dronu və 70-ə yaxın müxtəlif tipli, o cümlədən ballistik raketlərdən istifadə edib. "Reuters" agentliyinin qiymətləndirməsinə görə, bu, müharibə başlayandan bəri Ukrayna şəhərlərinə qarşı ən böyük hava hücumudur. Nəticədə azı 12 nəfər həyatını itirib.
 
ABŞ prezidenti Donald Tramp bu hücumdan bir gün sonra bildirib ki, Rusiya prezidenti Vladimir Putin "dəli olub". "Mənim Putinə qarşı münasibətim həmişə yaxşı olub, amma onunla nəsə baş verib. O, tamamilə ağlını itirib", - Tramp "Truth Social"-da yazıb.
 
Tramp həmçinin bildirib ki, o həmişə Putinin Ukraynanın yalnız bir hissəsini yox, bütöv ölkəni istədiyini düşünüb: "Amma əgər bunu etsə, bu, Rusiyanın süqutu ilə nəticələnəcək". O, həmçinin Moskvaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirdiyini qeyd edib.
Seçilən
0
50
moderator.az

10Mənbələr