AZ

Məhəmməd Salah Premyer Liqada müstəsna rekorda imza atdı

“Liverpul”un 32 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında müstəsna rekorda imza atıb.

Arena.az məlumat verir ki, Salah 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu, ən yaxşı oyun qurucusu, ən sərrast qolçusu (29 qol) və məhsuldar ötürmələr (18 məhsuldar ötürmə) üzrə ən səmərəli oyunçusu olub.

Üstəlik, misirli vinger qollar və məhsuldar ötürmələrin cəmi üzrə 47 xalla da ən səmərəli oyunçudur.

Vurğulayaq ki, Məhəmməd Salah “Liverpul”un canlı əfsanəsi olaraq qəbul edilir. Misirli futbolçu 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 52 oyuna çıxıb, 34 qol vurub, 23 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 401 oyun, 245 qol, 113 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
5
arena.az

10Mənbələr