Misir yığmasının və “Liverpul”un cinah hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb.
Arena.az xəbər verir ki, bu, Premyer Liqanın 2024/2025-ci illər mövsümünün 37-ci turu çərçivəsində keçirilmiş “Brayton”la səfər matçında (2:3) reallaşıb.
Misirli hücumçu həmçinin Afrika qitəsinin belə yüksək göstəriciyə çatan dördüncü nümayəndəsi olub. İlk 3 pillədə qərarlaşmış futbolçular Kolo Ture (Kot-d’İvuar, 353 matç), Vilfrid Zaha (Kot-d’İvuar, 305 matç) və Cordan Ayyudur (Qana, 303 matç).
Salah “Brayton”la matçda meydana çıxmaqla həm də “Liverpul”da 400-cü oyununu keçirmiş olub.
Vurğulayaq ki, Məhəmməd Salah “Liverpul”un canlı əfsanəsi olaraq qəbul edilir. Misirli futbolçu cari mövsümdə vurduğu 28 qolla İngiltərə Premyer Liqasının ən sərrast qolçusudur. Məhəmməd həmçinin məhsuldar ötürmələrin sayına görə mövsümün ən səmərəli futbolçusudur – 18 məhsuldar ötürmə.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 33 qol vurub, 23 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 400 oyun, 244 qol, 113 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.